MSK sədri Məzahir Pənahov “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə xəbərdarlıq edib

MSK sədri Məzahir Pənahov “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə xəbərdarlıq edib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar fərdi şəkildə, siyasi partiya və seçki blokları tərəfindən namizədliyi irəli sürülən namizədlərdən MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Müraciətlərə baxıldıqdan sonra müvafiq qərarlar qəbul olunub.

 

MSK sədri Məzahir Pənahov "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinə xəbərdarlıq edib. O, bildirib ki, bu, eləcə də bir sıra qəzetlərdə qanunauyğun olmayan hərəkətlərə yol verilir: "Qəzet hər hansı bir partiyanın mətbu orqanıdırsa partiya namizədinin təbliğatını apara bilər. "Azadlıq" və "Yeni Müsavat" qəzetləri partiyalarının mətbu orqanı olmadıqları halda, AXCP-nin və Müsavat Partiyası namizədlərinin təbliğatını aparırlar. Qanun tələb edir ki, günahkarlar cəzalandırılsın. Qanun eyni zamanda tələb edir ki, digər namizədlərə də eyni şərait yaradılsın. Bu qəzetlərin redaksiyasına zəng olunmalı və xəbərdarlıq edilməlidir ki, onları ən sərt şəkildə cəzalandıra bilərik". İclasda bu məsələ ilə bağlı araşdırmaların aparılması MSK-nın Mətbuat Qrupuna tapşırılıb.

 

Daha sonra cari məsələlərə baxılıb. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ikinci aralıq hesabatına münasibət bildirən MSK sədri bildirib ki, Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən son günlər ərzində 130 min vətəndaşın şəxsiyyət vəsiqəsi dəyişdirilib və sözügedən hesabatda vətəndaşların şəxsiyyət vəsiqələri ilə bağlı problemlərin olmasının qeyd olunması həqiqəti əks etdirmir: "Dəyişdirilən şəxsiyyət vəsiqələrinin sayı ilə bağlı nazirlikdən şəxsən mənə məlumat verilib. Bununla bağlı ciddi iş aparılıb. İqtidar bu məsələdən istifadə etməyə çalışsaydı elə namizədlərin qeydiyatı zamanı istifadə edərdi. Məlum olduğu kimi qeydiyat zamanı heç bir problem ortaya çıxmayıb. MSK-ya daxil olan müraciətlərin heç biri şəxsiyyət vəsiqəsi ilə əlaqədar olmayıb. Hesab edirəm ki, hesabatda yer alan məqamlar təsadüfi deyil. Bu məsələdə kiməsə yarınmaq mövqeyindən əl çəkmək lazımdır. Azərbaycan xalqı kifayət qədər siyasi savada malikdir. Öz problemlərimizi özümüz həll etməliyik. Şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi məsələsindən sui-istifadə edənlər var".

 

Seçici siyahıları ilə əlaqədar da problemin olmadığını diqqətə çatdıran MSK sədri qeyd edib ki, bununla bağlı şikayətlərin olmadığı halda yenə də seçici siyahısında problemlərin olduğunu iddia edirlər: "Bu yaxınlarda bütün KİV rəhbərləri, Prezident Administrasiyasının və beynəlxalq qurumların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə dedim ki, kim adı seçici siyahısında olmayan daha çox adamın adını bizə təqdim etsə ona mükafat veriləcək. Bir adı belə bizə təqdim edən olmayıb. Elə isə indi irəli sürülən bu iddialar nəyə hesablanıb".

Bütün xəbərlər Facebook səhifəmizdə