Sergey Markov: “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli iqtisadi inkişafla əldə olunan irəliləyişi sarsıda bilər”-Açıqlama

Sergey Markov: “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli iqtisadi inkişafla əldə olunan irəliləyişi sarsıda bilər”-Açıqlama
"Həştərxanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında keçirilən danışıqları münaqişənin həll olunmasına həsr edilmiş digər bu cür görüşlər kimi irəliyə doğru addım adlandırmaq çətindir". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Sergey Markov açıqlamasında deyib. O bildirib ki, bu cür görüşlər geriyə addımların qarşısını alır. Onun sözlərinə görə, münaqişənin həlli istiqamətində əsas məsələ söhbətin irəliyə doğru getməsi ilə yanaşı geriləməməsidir. O vurğulayıb ki, məhz bu tipli görüşlərin keçirilməsi də hər iki tərəfin bir-birinin anlamasına kömək edir ki, bu da çox vacibdir.

Üçtərəfli görüş zamanı prezidentlər arasında imzalanan yekun bəyannaməyə də münasibət bildirən rusiyalı deputat söyləyib ki, münaqişə tərəflərinin və vasitəçilərin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə "yol xəritəsi" yoxdur və regionda sabitliyin pozulması təhlükəsi mövcuddur. Bu gün üstünlüyün Azərbaycanın tərəfində olduğunu dilə gətirən Markov: "Dağlıq Qarabağ ətrafında münaqişə güc yolu ilə Ermənistanın xeyrinə həll olunmuşdu. Amma 20 il ərzində vəziyyət Azərbaycanın xeyrinə dəyişdi. Azərbaycan hərbi və iqtisadi planda Ermənistanı xeyli geridə qoyub. Lakin münaqişənin hərbi yolla həlli iqtisadi inkişafla əldə olunan irəliləyişi sarsıda bilər. Bu gün ölkə rəhbərliyi sayəsində Azərbaycanın imici investisiyalar üçün təhlükəsizlik yer imicidir və bu, vəziyyət dəyişməməlidir",- deyə qeyd edib.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Sergey Markov Bakıda Avrasiya Araşdırmaları İnstitutunun təşkil etdiyi "Vətəndaş cəmiyyətinin inkişafında parlamentlərin rolu" mövzusunda "dəyirmi masa" formatında iclasda iştirak etmək üçün ölkəmizdə səfərdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə