Səbail rayonundakı 130 saylı Uşaq Bağçası əsaslı təmirdən sonra istifadəyə verilib

Səbail rayonundakı 130 saylı Uşaq Bağçası əsaslı təmirdən sonra istifadəyə verilib

Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən 130 saylı Uşaq Bağçasında əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirin əvvəlində qonaqlar bağça və buradakı aparılan təmir işlərinin yekunu ilə tanış olublar.

Qeyd olunub ki, bağça 1967-ci ildən fəaliyyət göstərir, burada 3 qrupda 60 uşağın tərbiyəsi ilə 17 müəllim və texniki işçi məşğul olur. Bu il 15 uşaq orta məktəbin I sinfinə yola salınıb. Son 20 il ərzində burada heç bir təmir aparılmadığından bağçada çox çətin vəziyyət yaranmışdı. Cari ilin yay aylarında burada Səbail rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına təmir işlərinə başlanmış və qısa müddət ərzində burada xeyli iş görülüb.

Bağçanın bütün dərs və təsərrüfat otaqları, koməkçi sahələri əsaslı təmir olunmuş, yeni işıqlandırma sistemi qurulmuş, qapı və pəncərələri, giriş qapısı yeniləri ilə əvəz olunmuş, döşəmənin parket örtüyü təmir olunaraq laklanmış, divarlar rənglənib. Bağçanın su və kanalizasiya sistemi yenidən qurulmuş, sanitariya qovşağı təmir olunaraq buraya yeni kafel vurulub.

Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov uşaqları, bağça kollektivini və valideynləri təmirdən sonra istiradəyə verilmiş gözəl və işıqlı bağçanın fəaliyyətinin davamı ilə bağlı təbrik etmiş, onlara gələcək həyatda müvəffəqiyyətlər və ölkəmiz üçün layiqli övlad olmalarını arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə