AXCP möhüründən məhrum edilib

Əli Kərimlinin hay-küy qaldırıb, vay-şivən qurması da mövhürü geri qaytarmağa hesablanıb

Müxalifətdaxili durum son vaxtlar daha kritik və amansız xarakter almağa başlayıb. Bunun bir səbəbi növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qəraraın verilməsidirsə, digər səbəbi də xarici təşkilatların öz əlaltılarından imtian etməyə işarə vuran mesajlar ünvanlamalarıdır. Təbii ki, bu da müxalifət partiyaları daxilində onsuz da ziddiyyətli olan münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarıb. Hər bir partiya funksioneri üzləşdikləri arzuolunmaz vəziyyətə görə bir-birini günahdandırırlar. Hətta, ötən gün Müsavat partiyasının divan üzvü Aliya Yaqublu başqan Arif Hacılını daxili intriqalar yaratmaqda və bölücülükdə günahlandıraraq, bu partiyanın perspektivinin olmadığını bildirib. Divan üzvü sosial şəbəkədə Müsavatda qalıb-qalmamaq məsələsi ilə bağlı fikirləşəcəyinə dair eyham xarakterli status paylaşıb. Bəziləri A.Yaqublunun qəzəbli od püskürməsini yaxın qohumu Tofiq Yaqublunun A.Hacılının qardaşları Vaqif və Mustafa Hacıbəylilər tərəfindən sıxışdırılması ilə əlaqələndirirlər. Bu, bir səbəb olsa da, digər ciddi məsələ isə A.Yaqublunun 3 aya yaxındır ki, partiyadan aylıq maaşını ala bilməməsidir. Perspektivdə də ümidverici nəsə görünmədiyindən, divan üzvü etiraz səsini qaldırmağa başlayıb. Düzdür, ola bilsin ki, etirazı yatırmaq üçün A.Hacılı öz maliyyə imkanları hesabına narazı şəxsləri sakitləşdirə bilsin. Ancaq bu yardım uzunmüddətli olmayacaq. Çünki xaricdən maliyyə dəstəyi olmadığından, A.Hacılı davamlı şəkildə öz daxili imkanları hesabına problemin həllinə nail ola bilməyəcək. Sonda narazılar Müsavatı tərk edəcəklər.

AXCP-də vəziyyət daha ağırdır

Araşdırmalara və proseslərə əsasən, demək olar ki, ağır daxili ziddiyyətlərlə yanaşı, maliyyə problemlərinin də mövcudluğu daha çox AXCP-də müşahidə olunur. Əli Kərimli may-iyun aylarında maliyyə və digər problemlərini həll edə biləcəyinə ümid bəsləsə də, ümidləri növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı verilən qərarla alt-üst edildi. Yəni xarici maraqlı qüvvələr may ayından oktyabr ayına qədər müəyyən qədər maliyyə vəsaiti ayıracaqdı ki, Ə.Kərimli də həmin vəsaiti öz ehtiyaclarına xərcləmiş olacaqdı. Artıq Ə.Kərimli xarici ağalarının ondan üz döndərdiyini dərk etməyə başlayıb. Bu fikri möhkəmləndirən başlıca amillərdən biri də prezident seçkilərinin keçirilməsi barədə qərarın verilməsindən sonra Azərbaycana gələn xarici rəsmi qonaqların onunla görüşdən imtina etməsidir. ABŞ dövlət katibinin müavininin köməkçisinin Azərbaycana səfəri zamanı yalnız müxalifət düşərgəsində Müsavatın keçmiş başqanı İsa Qəmbərlə görüşməsi o anlamı yaradır ki, Ə.Kərimli xarici dairələr üçün arzuolunmaz şəxsə çevrilib. Bu cür ciddi problemlə yanaşı, Ə.Kərimlinin AXCP-nin möhüründən də məhrum olması o deməkdir ki, "Yurd" şefini ciddi təlatümlər gözləyir.

Razi Nurullayevin AXCP sədri kimi tanınması məsələsi reallaşa bilər

AXCP-dəki ciddi mənbənin bizə verdiyi məlumata görə, 2015-ci ildə keçirilən Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin qurultayından sonra Ədliyyə Nazirliyi hansı tərəfin əsl AXCP olması ilə bağlı araşdırmalara başlayıb. Bu zaman R.Nurullayevin qurultay materiallarını və sənədlərini, eləcə də müəyyən məlumatları Ədliyyə Nazirliyinə təqdim etməsi, Ə.Kərimlinin AXCP sədri kimi tanınması məsələsində ciddi suallar yaranıb. Bu suallara aydınlıq gətirilənə qədər AXCP-nin möhürünün Ə.Kərimlidən alınması məsələsi qaldırılıb. Mənbəmizin dediyinə görə, zəng edib Ə.Kərimlidən möhürü araşdırmalar sona çatana qədər təhvil verilməsi tələb olunub. Konkret arqumentlər və faktlar qarşısında aciz qalan Ə.Kərimli AXCP-nin möhürünü Ədliyyə Nazirliyinə təhvil verməli olub. Məsələyə Ədliyyə Nazirliyinin mövqeyini öyrənmək cəhdimiz baş tutmadı. Bununla belə, məsələni diqqətdə saxlayır və rəsmi mövqe əldə edən kimi möhür məsələsinə aydınlıq gətirməyə çalışacağıq.

Mövzuya aidiyyatı olan bir məsələni qeyd etmək yerinə düşərdi ki, Ə.Kərimli növbədənkənar prezident seçkilərinə qatılmamaqla onsuz da ağır olan durumunu daha dərinləşdirmiş olur. Çünki xarici qaranlıq dairələr öz məkrli planlarını reallaşdırmaq üçün seçkiyə qatılan başqa bir müxalifətçi ilə əməkdaşlıq edəcəklər. Yəni Müsavatın keçmiş başqanı İsa Qəmbərlə. Artıq bəlli olduğu kimi, İ.Qəmbər seçkilərə qatılmaq barədə qərar verib. Xarici maraqlı qüvvələr üçün İ.Qəmbər və ya Ə.Kərimli, fərq etməz. Əsas odur ki, seçki prosesi ilə bağlı pozucu planlarının həyata keçirilməsində vasitəçi olsun. Ə.Kərimlinin vəziyyətini ağırlaşdıran daha bir məqam isə, alternativ AXCP-nin sədri R.Nurullayevin növbədənkənar prezident seçkilərinə qatılacağı barədə mövqe ifadə etməsidir. Bu, onu deməyə əsas verir ki, Azərbaycanın rəsmi qurumları rəsmi AXCP sədrinin kim olması barədə suallara cavab axtararkən, R.Nurullayev üzərində dayana bilərlər. Xarici fondlar və ya təşkilatlar da R.Nurullayevin məsələsində tərəddüdlərdən əl çəkib, onunla əməkdaşlıq edərlər. Bu, gözlənilən proseslərdir. Məsələlərə yəqin ki, yaxın günlərdə tam aydınlıq gətiriləcək.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə