ARDNŞ-ın maliyyə vəsaiti hesabına edilən ürək əməliyyatlarının sayı 170-ə çatdı

ARDNŞ-ın maliyyə vəsaiti hesabına edilən ürək əməliyyatlarının sayı 170-ə çatdı
Regionların sosıal-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) maliyyə vəsaiti ilə inşa olunan regional müalicə-diaqnostika mərkəzləri fəaliyyət göstərdikləri bölgələrdə yaşayan əhaliyə yüksək keyfiyyətli tibb xidməti göstərir. Bu mərkəzlərdə quraşdırılan müasir tibb cihazları və avadanlıq ən mürəkkəb operativ və cari əməliyyatların aparılmasına imkan verir. Ötən müddət ərzində bu mərkəzlərdə təşkil olunan humanitar aksiyalar çərçivəsində unikal əməliyyatların keçirilməsi ilə regionların səhiyyə tarixində yeniliklərə imza atılması artıq xoş bir ənənəyə çevrilib.

ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin Səhiyyə Departamentinin rəisi, tibb elmləri namizədi Fuad Əlizadənin SİA-ya verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun təşəbbüsü, ARDNŞ-nin maliyyə dəstəyi ilə Şamaxı Müalicə-Diaqnostika Mərkəzində təşkil olunan növbəti humanitar aksiya da uğurla başa çatıb: "Aksiya çərçivəsində Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-Damar Xəstəlikləri Mərkəzinin yüksək ixtisaslı kardiocərrahiyyə briqadası 7 nəfər üzərində açıq ürək əməliyyatı həyata keçirib. Bununla da regionlarda ARDNŞ-nin maliyyə vəsaiti hesabına inşa edilmiş Müalicə-Diaqnostika Mərkəzlərində bu günə qədər üzərində açıq ürək əməliyyatı aparılan xəstələrin sayı 170-dən, angioqrafiya müayinələri aparılan xəstələr isə 500-dən artıq olub".

Qeyd edək ki, növbəti açıq ürək əməliyyatlarının Bərdə Müalicə-Diaqnostika Mərkəzində keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə