Allah sənə rəhmət eləsin, Üzeyir Hacıbəyli!
Çoxlarımız Azərbaycan kino sənayesinin ən parlaq filmlərindən olan "O olmasın, bu olsun" kinofilminə baxmışıq. Filmdə diqqətçəkən obraz Rza bəy obrazıdır. Qəzetçi olan bu personaj sevgisi daşa dəyən Məşədi İbadın mal-mülkündən bəhrələnmək üçün fəndkarlığa, hiylə və kələkbazlığa əl atır. Məşədi İbad ondan Rüstəm bəy tərəfindən aldadılmasının qəzetində dərc olunmasını istəyərkən, Rza bəy "bu, mənim məsləkimə muğayirdir" deyə etiraz edir. Ancaq cibinə pul qoyulandan sonra "yazaram, yazaram, lap Rustəm bəyin atasını da yandıraram" deyir. Üzeyir Hacıbəylinin qələmə aldığ hadisələrdən yüz ilə yaxın vaxt keçib. Ötən müddət ərzində, təəssüf ki, bəzi jurnalistlər Rza bəy təfəküründən, düşüncəsindən və alış-verişindən əl çəkməyiblər. Bu gün də elə jurnalistlər var ki, pul əldə etmək üçün insanları hədəf seçirlər. Yaradılan şəraitlərdən demokratik mühitdən istifadə edən "reket jurnalistlər" bəzən at oynadırlar. Çox vaxt "sarı mətbuat"ın sözu digər ciddi KİV nümayəndəsinin dediyindən daha cox eşidilir. Söz demək, fikir bildirmək, nəyəsə qulp qoymaq onlar üçün adi hal olub. Sözün adiləşməsi təəccüb və narahatçılıq doğurur. Söz ünsiyyət vasitəsidir. Söz insanların bir-birilə əlaqə qurması, dost olması və isinişməsi üçün bir əlaqədir. Sözün gücü bəzən dünyanın ən müasir silahlarından belə üstündür. Bu baxımdan, danışarkən söz sərrafı, söz xiridarı olmaq və sözü ücuzlzşdırmaqdan çəkinmək lazımdır. Ölməz şaririmiz Nizami Gəncəvi çox gözəl deyib:
Hər sözün xüsusi bir ölçüsü var,
Ölçüsüz söylənən söz qulaq yırtar.
Bir söz ki, qaşlara düyün vuracaq,
Gözəl söz olsa da, söyləmə burax!
Araşdırmalara əsasən, demək olar ki, sözü dəyərsizləşdirmək yolunu seçən "reket jurnalistlər"in fəaliyyət göstərdikləri saytlar bir-iki nəfərdən ibarətdir. Onlar yaşadıqları mənzillərdə oturub pul almaq istədikləri iş adamlarını, vəzifə sahiblərini təhqir edir və dezinformasiya xarakterli məlumatlar yayırlar. Bəzən də elə xəbərlər, məlumatlar yayırlar ki, həmin məlumatlar, sadəcə, öz təfəkkürlərinin məhsulundan başqa bir məna kəsb etmir. Çünki həmin məlumatlar heç bir dövlət qurumu tərəfindən öz təsdiqini tapmır. İzahat almaq cəhdi isə nəticəsiz qalır. Çünki həmin məlumat yayan saytların nə ünvanları, nə də ki, telefon nömrələri olur. Domen də hansısa müəssisə və təşkilatın adınadır. Bu baxımdan, demək olar ki, Azərbaycan jurnalistikasının üz qarası olan "reket jurnalistika" sağlam fikrə və demokratik cəmiyyətə böyük zərbədir. Bunun qarşısının alınması üçün qanunvericiliyə ciddi dəyişikliklər olunmalıdır.
Bu gün Azərbaycanda qəzet təsis etmək, sayt üçün domen almaq çox asandır. Bu istiqamətdə də müəyyən tədbirlər görülməsinə zərurət var. 5 minə yaxın kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb. Araşdırmalar isə, təsdiq edir ki, cəmi 50-yə yaxın qəzet və sayt normal fəaliyyət göstərir. Deməli, digər qeydiyyata alınan sayt və qəzetlər, sadəcə, insanları aldatmaq, şantaj və böhtan yolu ilə pul əldə etmək üçün təsis edilən kütləvi informasiya vasitəsidir. Cəmiyyətin istək və tələbləri nəzərə alınsa, hesab edirəm ki, Rza bəy kimilərə ehtiyac qalmaz.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB