"MDB Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir" ŞƏRH

"MDB Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir" ŞƏRH

“Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Moskvada keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə əsasən ümumi xarakterli məsələlər müzakirə edilib”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, görüşdə Azərbaycanın maraqlarına cavab verən konkret məsələlər müzakirə edilməyib: “Burada əsasən, terrorla bağlı mübarizə, milli dövlətlər üçün gözlənilə təhlükələrdən, dövlət çevriliş cəhdlərindən danışıldı. Bu gün Azərbaycan üçün həyatı əhəmiyyətə malik olan məsələ Dağlıq Qarabağ münaqişəsidir ki, dəfələrlə bu məsələni müzakirəyə çıxarsaq da hələ də problem öz prinsipal həllini tapa bilmir”.

Politoloq qeyd edib ki, ümumilikdə MDB Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir: “Bildiyiniz kimi, Azərbaycan MDB-yə üzv olaraq keçmiş sovet məkanına vizasız gediş-gəliş imkanlarına malikdir. Bu üzvlülük xaricdə çalışan əmək miqrantlarımız üçün də əhəmiyyətlidir. MDB ölkələri arasında olan ticarət əlaqələri ölkəmiz üçün mühümdür”.

Q.Hüseynli əlavə edib ki, bütün üstünləri ilə yanaşı MDB bəzi məsələlərin öhdəsindən gələ bilmir: “Bildiyiniz kimi MDB məkanı daxilində çoxlu regional münaqişələr var ki, onlardan daha aktualı, qanlısı Dağlıq Qarabağdır. Amma çox təəssüf ki, MDB bu günə qədər iki üzvü arasında münaqişəni tənzimləyə bilməyib. Bəzən burada bərabər hüquqlu ölkələrin birliyi tam şəkildə bərqərar olunmur. MDB-nin strukturlarının təkmilləşdirilməsi ilə bağlı cəhdlər edilməsinə baxmayaraq, hələ də bu, tam şəkildə həyata keçirilə bilmir. Azərbaycan MDB daxilində qalmaqla öz məsələlərinin həll etməyə çalışır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə