Politoloq: “Barışmaz mövqeyimiz rusiyalı rəsmilərin qulağında çingildəməlidir” MÜNASİBƏT

Politoloq: “Barışmaz mövqeyimiz rusiyalı rəsmilərin qulağında çingildəməlidir” MÜNASİBƏT

“Rusiya hakimiyyəti əlindən gələni edir və edəcək ki, Azərbaycan ordusu Ermənistan ordusu üzərində qələbə çalmasın. Belə olan halda haqlı sual meydana çıxa bilər: Bəs onda Rusiya Azərbaycana niyə milyardlarla dollar həcmində silah satır? Rusiya bu məsələyə məntiqi yanaşır. Bilir ki, bizə silah satmasa Azərbaycan silahı başqa ölkələrdən alacaq”. SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, ortada milyardlarla dollarlıq kontraktlar var. Rusiya hərbi-sənaye kompleksi həmin milyardları itirmək istəmir. Ancaq Azərbaycana silah satmaq Rusiyanın bizim bu silahlarla Ermənistan üzərində qələbə çalacağımıza barışacağı anlamına gəlmir. Bizə işğalçı ilə 4 gündən çox müharibə aparmağa hövsələləri çatmadı.

Elə Moskva Azərbaycandakı sakit səfir Doroxini (qeyri-rəsmi söhbətlərdə Rusiyanın Ukraynanı niyə parçaladığını anlamadığını deyirmiş) Zuyevlə ona görə əvəz edir ki, hakimiyyət dəhlizlərində Rusiyanın mövqeyi daima qulaqlarda çingildəsin. Bununla barışa bilmərik. Qonşuluq və sözdə dostluq öz yerində, biz də elə etməliyik ki, Azərbaycanın işğalla barışmayacağı fikri rusiyalı rəsmilərin qulaqlarında çingildəsin. Bu arada, ara-sıra müharibədən danışan Rusiyadakı səfirimiz Polad Bülbüloğlu savaş ritorikasını bir az daha artırmalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə