Məzahir Pənahov: "İddiaçı tərəfi lazım olan sənədləri vaxtında təqdim etməlidir"

Məzahir Pənahov: "İddiaçı tərəfi lazım olan sənədləri vaxtında təqdim etməlidir"

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.

 

MSK katibi Natiq Məmmədov Razi Abbasovun 63 saylı Sabirabad seçki dairəsindən namizədliyinin qeydə alınmaması ilə bağlı Komissiyaya müraciət etdiyini bildirib. O, təklif edib ki, müraciətin araşdırılması üçün əlavə vaxta ehtiyac var. Təklif MSK üzvləri tərəfindən qəbul edilib. Daha sonra Azərbaycan Milli Məclisinə seçkilərlə əlaqədar "AXCP-Müsavat" blokundan, Azərbaycan Liberal Demokrat Partiyasından (ALDP) və 122 saylı Xankəndi seçki dairəsindən MSK-ya daxil olmuş şikayətlərə baxılıb. ALDP-dən daxil olan müraciətdəki tələb yerinə yetirildiyindən müraciətə xitam verilməsi qərara alınıb. Xankəndi seçki dairəsindən, eyni zamanda "AXCP-Müsavat" blokundan olan şikayətlərə baxılma müddəti uzadılıb.

 

MSK sədri Məzahir Pənahov bildirib ki, iddiaçı tərəf də öz məsuliyyətini bilməlidir: "İddiaçı tərəfi lazım olan sənədləri vaxtında təqdim etməlidir. Elə olmasın ki, müraciətlərlə bağlı hər hansı bir qərar qəbul edildikdən sonra iddiaçı hansısa bir sənəd ilə ortaya çıxsın. Bu işə çox ciddi yanaşmaq lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə