Mübariz Əhmədoğlu: "Erməni diasporu Sərkisyandan ciddi narazılığını gizlətmir" AÇIQLAMA

"Yüksək Kilikiya Evinin başçısı I Aram Avropa ermənilərinin forumunda iştirak edərkən Dağlıq Qarabağı ermənilərin tarixi torpağı adlandırıb və Dağlıq Qarabağın müstəqilliyinin erməni xalqının haqqı olduğunu bildirib. Ermənilərin ikinci, diasporun birinci keşişi olan I Aram milli tələbkarlıq prinsipini gündəliyə gətirib. I Aramın fikrincə Ay dat (erməni məsələsi) milli tələbkarlıq prinsipinin dünyanın hər yerində yaymalıdır. I Aram və onun timsalında diaspor başa düşür ki, Dağlıq Qarabağ məsələsində hər şey S.Sərkisyanın və E.Nalbandyanın dediyi kimi deyil. Ona görə o Dağlıq Qarabağ məsələsində tələbkarlığı artırmağı milli məsələyə çevirib. Bu məsələdə I Aramın mövqeyi mötəbər mövqe kimi qəbul edilə bilər". Bunu açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq fikrinin davamı olaraq bunun səbəbini də qeyd edib: "Çünki I Aram Cenevrəyə gələrək prezident S.Sərkisyanla ATƏT-in Minsk qrupunun həmsədrləri və Azərbaycan Prezidenti ilə görüşündən əvvəl görüşdü. Əhval-ruhiyyələrindən hər şey bəlli idi; yaxşı bir şeyə ümid etmirlər. İş də burasındadır ki, bu yaranmış vəziyyət və onun davamı bütün dünya erməniliyini, faciəyə sürükləyir. Bunun çox aydın əlaməti var.

Əgər I Aram, S.Sərkisyan və E.Nalbandyan ermənilərin 1988-ci ildəki və indiki vəziyyətlərini müqayisə etsə bunu aydın görərlər. O zaman Ermənistanı və onun yaratdığı Dağlıq Qarabağ problemini bütün dünya dəstəkləyirdi. Spitak zəlzələsi zamanı ABŞ-dan açılan yardım karvanına o zamankı prezident C.Buşun oğlu başçılıq edirdi. İlk təyyarə ilə özü Yerevana gəldi.

Amma təxminən 3 il bundan qabaq ABŞ-ın o zaman Ermənistandakı səfiri C.Heffernin inadlı dəstəyi ilə Ermənistanın iş adamları ABŞ-da silsilə görüşlər keçirsə də, ABŞ-la Ermənistan arasında ticarətin genişləndirilməsi və ikiqat vergi qoymanın ləğvi məsələsini gündəliyə gətirə bilmədilər. SSRİ mərkəzi hökumətindən, ABŞ-dan və erməni diasporundan gələn yardımları da üst-üstə hesablasaq o dövrdə Ermənistanın 7-8 milyard dollar pulu var idi. İndi isə Ermənistanın 7 milyard dollar borc var.

S.Sərkisyan prezident olaraq dəfələrlə ABŞ-da olub. ABŞ-ın heç bir rəsmisi onunla adicə görüşməyib də".

Ermənistanın heç bir geosiyasi tərəfdaşının olmadığını deyən M.Əhmədoğlu bildirib ki, Ermənilərin dini tənəzzülü başlayıb, kilsə biznes-kommersiya obyektinə çevrilib: "I Aramın rəhbərlik etdiyi bir dövrdə Yaxın Şərqdə ermənilərin sayı hədsiz azalıb. I Aramın ayılması üçün nələrin baş verməsini başa düşmək çox çətindir.

Ermənistanın xarici işlər naziri E.Nalbandyan da ATƏT MQ həmsədrlərinin 3 bəyanatını tapdalayaraq Cenevrə görüşündən 3 gün sonra eynilə əvvəlki ampluasına qayıtdı: “Danışıqlar prosesinə vurulan zərbə hələ aradan qaldırılmayıb”, fikri o deməkdir ki, Ermənistanda bacardıqları qədər çalışacaqlar ki, danışıqlar prosesindən yayınsınlar. Azərbaycan dialoq, danışıqlar prosesinin tərəfdarıdır. Ermənistan dinc tənzimlənmə prosesinə “hə-hə” deməklə özünün əsl maraqlarını gizlədir. Ermənistanın əsl niyyəti prezidentlərin görüşünün baş tutmamasıdır. Ermənistanda bilirlər ki, prezidentlərin görüşü Dağlıq Qarabağ tənzimlənməsini yaxınlaşdırır. Dağlıq Qarabağ tənzimlənməsinin fəlsəfi konsepti tam aydındır: Ətraf ərazilər yaxın müddət ərzində, Dağlıq Qarabağ özü isə bir müddətdən tutaq ki, 20-25 ildən sonra Azərbaycanın tərkibinə qayıdır. Ortalıqda olan bütün variantlarda Dağlıq Qarabağın müstəqil olması və yaxud Dağlıq Qarabağın Ermənistana birləşməsi adlı heç bir ideya yoxdur.

Ermənistan rəhbərliyi uzun müddət xalqı referendumla aldadıb. Guya Dağlıq Qarabağ xalqı var. Dağlıq Qarabağ xalqı öz müqəddəratını referendum yolu ilə həll edəcək. İstər Lavrov, istər Hoqland variantı Yenilənmiş Madrid Prinsiplərinin törəmələridir və bu variantların heç birisində “Dağlıq Qarabağ” adlı xalq və Dağlıq Qarabağ ermənilərinin öz taleyini referendum vasitəsilə həll etməsi məsələsi göstərilməyib.

Ermənilər yeni yaranmış şəraitdə köhnə siyasəti davam etdirməklə özlərini məhvə sürükləyirlər. Belə halda I Aramın ortalığa gətirdiyi milli tələbkarlıq anlayışı artıq “Sasna srer” hadisələrinə dini, ümum erməni maraqları prizmasından haqq qazandırmaqdan başqa bir şey deyil.

Erməni xalqının hansı haqqının olub-olmaması mövzusunda diskussiya açmaq olar. Bir şeyi dəqiq demək olar: Ağıllanmaq I Aramın, S.Sərkisyanın, həmçinin ermənilərin haqqıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə