"Ermənistan və onun havadarları bunu dərk etməlidirlər" ŞƏRH

"Ermənistanın inkişaf perspektivləri və bir dövlət olaraq mövcudluğu Azərbaycanla münasibətlərdən asılıdır. Belə ki, düşmən ölkə nə qədər tez bunu dərk etsə və işğalçı qoşunlarını Azərbaycan ərazilərindən çıxarsa, bir o qədər Ermənistanın gələcək inkişafı üçün perspektivlər açıla bilər". Bunu SİA-ya Milli Məclisin deputatı Bəxtiyar Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycanla və digər dövlətlərlə ultimatum, hədə-qorxu, terror dilində danışması tamamilə bu ölkənin əleyhinədir: "Bu cür davranışın heç bir perspektivi yoxdur. Bu baxımdan artıq böyük dövlətlər Ermənistana təzyiqlər göstərilməlidir. Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Lakin bunu Ermənistan, eləcə də digər dövlətlər dərk etməlidirlər. Aprel döyüşləri də göstərdi ki, Azərbaycan Ermənistanın təcavüzünə qarşı cavab vermək və işğalçı qoşunları torpaqlarımızdan çıxartmaq gücünə malikdir. Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi hər kəsə məlumdur. Prezident İlham Əliyev bütün çıxışlarında bildirir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun olaraq sülh çərçivəsində həll olunmalıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə