Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatı

Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin yarımillik monitoriq və qiymətləndirilməsini əks etdirən rəqəmlər ictimailəşdirilib. Səs İnformasiya Agentliyi xəbər verir ki, təqdim edilən sxemdə bütün sahələr üzrə ümumi nəticə və hədəflər əks etdirilib və ayrı-ayrılıqda göstərilən rəqəmlərdən də aydın olur ki, hesabatın nəticələri özündə bir sıra uğurları ehtiva etməkdədir.

Belə ki, 2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 32 faizinin icrası tamamlanıb, 59 faizinin icrası üzrə işlərə başlanılıb. Fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi məqsədilə büdcə qaydalarının parametrləri beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyənləşdirilib və razılaşdırılıb, büdcə qaydaları tətbiq olunacağı təqdirdə dövlət və icmal büdcə göstəricilərinə təsiri və yarana biləcək risklər təhlil edilib, o cümlədən, proqnoz göstəriciləri hazırlanıb. Avropa İttifaqı və Dünya Bankı tərəfindən təqdim olunan hesabatlar nəzərə alınmaqla, Ortamüddətli Xərclər Çərçivəsinin və nəticəəsaslı büdcə mexanizmlərinin yaradılmasına dair təkliflər hazırlanıb. Makroiqtisadi koordinasiya təmin edilib, məzənnə rejiminin çevikliyi artırılıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə “Ortamüddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısı” və “Ortamüddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin restrukturizasiyası həyata keçirilməklə onların tabeliyindən çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan qeyriprofil müəssisə və obyektlərin siyahısı” təsdiq edilib. 2017-ci ilin ilk yarımili ərzində kiçik dövlət müəssisə və obyektlərinin, qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanmış 39 sərəncama əsasən 442 müəssisə və obyektin özəlləşdirilməsi ilə əlaqədar qərar qəbul edilib. 2017-ci il ərzində hərracı baş tutub, 395 kiçik dövlət müəssisə və obyektinin 221-i, icarəyə verilib, 246 qeyriyaşayış sahəsinin 89-u, ümumilikdə isə 310 müəssisə və obyekt satılıb. “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”, “Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə Qaydaları və Standartları” və “Dövlət müəssisələrinin idarəetmə orqanlarının üzvlərinə onların fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi ilə (“Performance Based Remuneration System”) bonus ödənişlərinin verilməsi qaydası” barədə qərar layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. “Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi prosesinə məsləhətçi şirkət cəlb edilib. Müəssisənin özəlləşdirilməsinə maraq göstərən yerli və xarici şirkətlərlə danışıqlar aparılmış, müəssisə ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb, zəruri məlumatlar verilib. Özəlləşdirmə prosesinə yerli və xarici investorların cəlb edilməsi məqsədilə potensial investorlara dair mövcud məlumat bazası genişləndirilib, bu şirkətlərin fəaliyyət profili, rəhbər şəxsləri, rekvizitləri və bir sıra digər məlumatlar dəqiqləşdirilib, yeni məlumatlar əlavə olunub. Özəlləşdirmə prosesinə investorların daha fəal cəlb edilməsi sahəsində əməkdaşlıqla bağlı Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə əməkdaşlıq haqqında memorandumun imzalanması təmin edilib, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə yaxın əməkdaşlıq qurulub, yerli və xarici biznes forumlarda özəlləşdirmə layihələri təqdim edilib. Ölkədə insan kapitalının inkişafı məqsədilə təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi istiqamətində görülən tədbirlər çərçivəsində məktəbəhazırlıq qrupları təşkil edilib, təhsilalanlar və müəllimlər üçün tədris vəsaitləri hazırlanıb, müəllim və rəhbər heyət üçün ixtisasartırma imkanları təmin edilib. Ümumi təhsilin keyfiyyətini yüksəltmək, şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək səriştələrə yiyələnmək imkanı yaratmaq məqsədilə ötən tədris ilində tam orta təhsil səviyyəsində təmayüllər üzrə təhsilin əhatə dairəsi genişləndirilib.

Bundan əlavə, təhsil müəssisələrinin fiziki və texnoloji infrastrukturunun təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər görülüb. İlk peşə- ixtisas təhsili müəssisələrində mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Təhsil Nazirliyinin tabeliyində olan 109 peşə təhsili müəssisəsinin (cəzaçəkmə müəssisələrində yerləşən və fəaliyyəti dayandırılan 14 müəssisəni çıxmaqla) 90 faizinə, yəni 86 müəssisəyə baxış keçirilib, Azərbaycan Respublikasında ilk peşə-ixtisas təhsilinin dövlət standartları layihəsi, eləcə də əmək bazarının tələblərinə uyğun orta ixtisas təhsili pilləsinin yeni dövlət standartlarının layihəsi hazırlanıb. 2016-cı il və 2017-ci ilin birinci yarımili ərzində 158 sahibkarlıq subyektinə (141 hüquqi şəxs, 17 fərdi sahibkar) 169 investisiya təşviqi sənədi təqdim olunub. Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiyanın müvafiq işçi qrupu tərəfindən Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanaraq, Komissiyaya təqdim edilib. Bundan əlavə, Komissiya tərəfindən müəyyən edilmiş iqtisadi və biznes profilli 5 beynəlxalq reytinqdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində yaradılan işçi qruplarla mütəmadi görüşlər keçirilib, təklif və layihələr müəyyənləşdirilərək, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib.

Eyni zamanda, “Doing Business” hesabatına daxil olan 8 indikator üzrə qanunvericiliyə dəyişikliklər edilib, reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması ilə bağlı zəruri tədbirlər görülüb. Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən, dövlət xidmətlərinin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsi istiqamətində işlər görülüb. “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın layihəsi, “Standartlaşdırma haqqında” yeni qanun layihəsi, eləcə də istehlak bazarında qeyri-qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı normativ hüquqi akt layihələri hazırlanaraq aidiyyəti qurumlara göndərilib.

Əsas problemlər: 1. Xarici investisiyaların cəlbi istiqamətində kifayət qədər sistemli iş aparılmayıb. Belə ki, mövcud iqtisadi şərtlər çərçivəsində qanunvericiliyin təhlil edilməsi və xarici investorların maraqlarının daha yaxşı nəzərə alınması ilə bağlı dəyişikliklərin layihəsi hazırlanmayıb. 2. Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı bir sıra qanunvericilik layihələrinə dəyişiklik edilsə də, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nda (bundan sonra – Tədbirlər Planı-red.) nəzərdə tutulmuş bütün istiqamətlər üzrə islahat tədbirləri başa çatdırılmayıb.

Tövsiyələr: 1. İnvestisiya məsələləri ilə bağlı ətraflı təhlillər aparıla, dövlət-özəl tərəfdaşlığının daha da inkişaf etdirilməsi, infrastruktur sahələrinin inkişafına özəl sərmayənin cəlbinin stimullaşdırılması istiqamətində Strateji Yol Xəritəsinin tədbirlərinə uyğun olaraq işlər sürətləndirilə bilər. 2. Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrası istiqamətində işlər sürətləndirilə bilər. 3. Rəqabət məcəlləsinin qəbul edilməsi və institusional islahatların aparılması istiqamətində işlər sürətləndirilə bilər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə