Qarabağ separatçılığından Kataloniya böhranına... - AKTUAL

Qarabağ separatçılığından Kataloniya böhranına... - AKTUAL

İspaniyanın Kataloniya bölgəsində keçirilmiş və separatçı qərar vasitəsi ilə baş tutmuş qondarma referendumun nəticələri açıqlanıb və kataloniyalıların siyasi liderləri iddia edirlər ki, əhalinin 90 faizi bu seçkilərdə iştirak etməklə yanaşı, bölgənin İspaniyanın tərkibindən ayrılaraq müstəqil olmasına səs veriblər. Lakin İspaniya hökuməti, eləcə də Avropanın siyasi mərkəzləri həmin seçkilərin nəticələrini tanımadıqlarını bəyan etməkdədirlər.

Digər tərəfdən, İspaniya hökumətinin güc strukturları separatçı referendum aktının qarşısını almaqdan ötrü ən sərt şəkildə tədbirlər görərək, seçki məntəqələrini bağlamaqdan tutmuş, seçicilərin həmin məntəqələrə getməsinə qədər ciddi baryerlər qurmuşdu. O cümlədən, separatçılara dəstək göstərənlərin əksəriyyəti həbs olunaraq ərazilərdən uzaqlaşdırılıb və həmin tədbirlər hazırda da davam etdirilməkdədir.

Digər tərəfdən, onu da xatırladaq ki, İspaniya konsitusiyası ölkənin bölünməz olduğunu deyir. Baş nazir Mariano Rajoyun Kataloniya parlamentinin referendum qərarına qarşı çıxmasından sonra İspaniyanın Konstitusiya Məhkəməsi müstəqillik referendumunu təxirə salmışdı. Həmçinin, Konstitusiya Məhkəməsi bu yaxınlarda referendumla bağlı fəaliyyət göstərən yerli idarəçilərin gündəlik 12 min avro (təqribən 24 min AZN) məbləğində cərimələnməsi barədə də hökm çıxarıb.

Əslində, bu gözlənilən bir hal idi və İspaniya əsrlər boyu tərkibində olan böyük bir ərazini adi separatçı referendum nəticəsində bağışlamayacaqdı. Məhz bu baxımdan, hələ referendumdan qabaq da görülən tədbirlər və verilən qərarlar yerində verilmiş qərar kimi qiymətləndirilə bilər. Misal üçün, İspaniyada prokurorluq referendumu dəstəkləyən 700-dən çox yerli nümayəndə barədə hələ bir müddət öncədən istintaqa başlayıb. Ölkənin Ali Məhkəməsi isə milli və regional təhlükəsizlik qüvvələrinə referendum günü səs vermə prosesi ilə bağlı hansısa bir fəaliyyətə mane olmaq səlahiyyətini vermişdi.

Onu da qeyd edək ki, bir müddət öncə Kataloniyanın başçısı Carles Puigdemont Avropa İttifaqını (Aİ) tənqid etmişdi. O, əsl siyasi həyasızlıq göstərərək, Aİ-nın İspaniya hökumətinin Kataloniya xalqının əsas hüquqlarının pozulması qarşısında sakit qaldığını deyərək, etiraz bəyanatı verməli olduğunu tələb etmişdi.

Referendumdan öncə isə Avropa Parlamentinin başçısı Antonio Tajani isə cümə axşamı verdiyi açıqlamada Kataloniyadakı referendumun qanundan kənar olduğunu söyləyərək bu məsələnin siyasi həllinin tapılması üçün çalışdığını bildirmişdi.

Beləliklə, görünən budur ki, Kataloniya referendumu qeyri-qanuni olmaqla yanaşı, İspaniyanın ərazi bütövlüyünə qarşı atılmış aşkar separatçılıq addımıdır. Məhz bu baxımdan, İspaniya hökuməti Kataloniyadakı qanunsuz referenduma görə öz haqlı seçimini edərək, separatçılıq siyasətinin qarşısını ən sərt şəkildə aldı.

Avropanın siyasi mərkəzləri isə referendumun nəticələrini tanımadığını bəyan edərək, baş verənləri "separatizm" adlandırdı. O cümlədən, həmin bəyanatlar fonunda nə polis zorakılığından, nə də insan haqlarının pozulmasından bir kəlmə fikir səsləndirilmədi (?!-R.N.)

Əlbəttə belə olan halda, Azərbaycanın 30 ilə yaxındır ki üzləşdiyi Dağlıq Qarabağ problemi ətrafında Avropa siyasi dairələrinin və qurumlarının oynadıqları ikili standartlar oyunu yada düşür. Sual olunur: bu illər ərzində Ermənistanın işğalçılıq siyasəti və qondarma “DQR” separatçılığı fonunda həyasız davranışlarını "xalqların öz müqəddəratını təyin etmə" adı verən avropalılar nəyə görə indiki halda Kataloniya referendumunu da bənzər bənzətmələrlə bəzəmirlər? Çünki burada demək olar ki, eyni vəziyyət hökm sürür – SEPARATÇIQLIQ!!!

Belədirsə, demək istər Avropa Şurası, istər Avropa Parlamenti Azərbaycanın ərazilərinin hələ də erməni işğalı altında qalaraq zəbt edilməsini, ötən illər ərzində minlərlə insanımızın həyatlarınmı itirməsini, doğma yurd-yuvalarından qaçqın, əsir və girov düşməsini görməzlikdən gəlib, ikili standartlara yol verirlərsə, demək ki, həmin qurumlar bilavasitə siyasi əxalqsızdırlar!

Və indi hər yerdə özünü “ağıllı” hesab edən Avropa Şurasının baş katibi Yaqlanda sual etmək lazımdır ki, hazırkı vəziyyəti necədir? Ümumiyyətlə, baş katibi olduğu qurum Kataloniya kimi böyük bir ərazisinin İspaniyanın tərkibindən çıxması ilə bağlı verilən separatçı qərardan nəyə görə bu qədər narahat olmağa başlayıb? Yaxud, İspan polisinin Kataloniyada tətbiq etdiyi zor gücünü hansı səbəbdən insan hüquqlarının pozulması olaraq qiymətləndirmir? Bu sualların sayını isə kifayət qədər artırmaq olar. Bu sualların sayının nə qədər çox olmasından asılı olmayaraq, biz burada növbəti dəfə aşkar xristian təəssübkeşliyinin şahidlərinə çevrilirik.

Hazırda siyasi xristian klubları indi Avropanın tərkibində baş verən parçalanmanın, separatçılığın, bölücülüyün qarşısını almaq üçün dəridən-qabıqdan çıxırlar. Halbuki, Azərbaycan da Avropa siyasətinin tərkib hissəsi olmasına baxmayaraq, uzun illərdir məhz bu faktoru onlara anlatmağa çalışıb! İndi isə buyursunlar, özləri öz çarələrinə baxsınlar və çılğın, barışmaz olduqları qədər də mövqelərindən geri çəkilməyəcəkləri qədər iddialı olan katalonlarla bağlı yaranmış problemi çözsünlər, əlbəttə ki, çözə bilsələr.

Yeri gəlmişkən, bu arada ermənilər açıq şəkildə Kataloniyadakı referenduma dəstək göstərirlər, çünki ortada separatizm deyilən amil mövcuddur. Lakin ermənilərin separatçılığa dəstəyi Avropanın siyasi mərkəzlərinin referendumun nəticələrini qəbul etməməsi ilə üst-üstə düşmədiyi üçün, onların da canlarına vicvicə salıb. Yəni, İspaniya hökumətinin və Avropanın mövqeyi sərt ermənilər üçün tərs şapalaq effektini verdi. Çünki erməni separatçıları da iki dəfə "referendum" keçirib, Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış ediblər. İndi inanaq ki, növbəti zərbə kataloniyalılara dəyəndən sonra Qarabağ separatçılarına da vurulacaq. Çünki Avropa ən azından, tərkibində yaşanan bu olayı öz üzərində hiss etdi.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə