Azərbaycan mütəxəssisləri Avropa İttifaqının İT-nın təhsildə tətbiqinə həsr edilmiş dəyirmi masada iştirak edəcəklər

Azərbaycan mütəxəssisləri Avropa İttifaqının İT-nın təhsildə tətbiqinə həsr edilmiş dəyirmi masada iştirak edəcəklər

Azərbaycan mütəxəssisləri 4-5 oktyabr tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində Avropa İttifaqının eTwinning proqramı çərçivəsində təşkil olunacaq informasiya texnologiyalarının (İT) təhsildə tətbiqinə həsr edilmiş dəyirmi masada iştirak edəcəklər.

SİA-nın məlumatına görə, Avropa Komissiyasının təşəbbüsü ilə yaradılmış eTwinning proqramı Avropa ölkələrinin məktəbləri arasında vahid internet-platforma vasitəsilə ünsiyyət qurmaq məqsədilə həyata keçirilir.

Proqram çərçivəsində yaradılmış internet-portal vasitəsilə müxtəlif ölkələrin məktəbliləri ünsiyyət qurur, bir-birilərinə mədəniyyətləri, tarixləri və insan fəaliyyətinin müxtəlif sahələri haqqında məlumat verə bilirlər. Proqram 5 ildən artıqdır ki, reallaşdırılır və bu müddət ərzində müxtəlif ölkələrin minlərlə müəllim və məktəbliləri arasında kommunikasiyalar təşkil olunub.

Kişinyovda keçiriləcək dəyirmi masa zamanı eTwinning layihəsinin öz platforması, onun tətbiqinin praktiki faydası, layihədən istifadə etməklə yeni pedaqogika üsulları, müəllimlərin peşəkar inkişafı, internet-təhlükəsizlik və digər mühüm istiqamətlər müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə