Bu gün "Ümidli Gələcək Gənclər" təşkilatı "Uşaqların azadlıqdan məhrum edilməsində hakimlərin, prokurorların, polis uşaq inspektorların, vəkillərin və İcra Hakimiyyəti Komissiyalarının rolu" mövzusunda dəyirmi masa təşkil edib. SİA-nın məlumatına görə, tədbirdə beynəlxalq təşkilatların, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Respublika Prokurorluğunun, Təhsil Nazirliyinin, İnsan Hüquqları üzrə Müvəkkilin, Ailə, Qadın və Uşaq Hüquqları üzrə Dövlət Komitəsinin, polis uşaq inspektorlarının, icra hakimiyyəti yanında yetkinlik yaşına çatmayanlarının işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarının nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Uşaq Hüquqları Klinikasının rəhbəri Nazir Quliyev Azərbaycanda uşaq hüquqları ilə bağlı müdafiə sisteminin təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirib. Təkmilləşdirilmənin həmçinin polis uşaq inspektorlarında da həyata keçirilməli olduğunu deyən N.Quliyev qeyd edib ki, uşaqların sayına uyğun olaraq sözügedən inspektorların səlahiyyəti də artırılmalıdır. O, digər bir çatışmazlığın uşaq hüquqları ilə qanunvericilikdə olduğunu bildirib. Uşaq hüquqları ilə bağlı qanunvericiliyin analiz edildiyini söyləyən Uşaq Hüqüqları Klinikasının rəhbəri bildirib ki, qanunvericilikdə boşluqlar var və bir çox hallarda bu məhz uşaqların ziyanına olur. N.Quliyev uşaqlarla işləyən vəkillərin olmasının və uşaq məhkəmələrinin yaradılmasının vacibliyini də diqqətə çatdırıb.
"Ümidli Gələcək Gənclər" təşkilatının icraçı direktoru Dadaş Əhmədov isə çıxışında qeyd edib ki, bəzi hallarda uşaqlar düzgün cəzalandırılmır: "Dəyirmi masanın keçirilməsində məqsədlərdən biri də odur ki, uşaqlara verilən cəzaların onların məhz uşaq olduğuna görə müəyyənləşdirilməsinin vacibliyini bir daha qabardaq. Uşaqların cəzalandırılmasına deyil, islah olunmasına çalışmaq lazımdır. Uşaqlar ilə bağlı qərar qəbul edilərkən nəzərə almaq lazımdır ki, onlar islah oluna bilən yaşdadırlar".
Dəyirmi masa müzakirələrlə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB