İran prezidentinin 1-ci müavininin müşaviri: “Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisi yükdaşımalarının həcmini artıracaq” - TƏDBİR
Bakıda rəsmi səfərdə olan İranın nümayəndə heyətinin üzvləri sənaye, ticarət, elm, dəmiryol nəqliyyatı, energetika, səhiyyə, bank işi, gömrük, hava-sərnişin daşımaları, azad iqtisadi zonaların birgə inkişaf məsələlərini ətraflı müzakirə ediblər. SİA-nın xəbərinə görə, bunu İran İslam Respublikasının birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə müavini Əli Ağaməhəmmədi bu gün keçirdiyi mətbuat konfransıda deyib. Nümayəndə heyətinin rəhbəri bildirib ki, rəsmi Tehran İran, Rusiya, Azərbaycan arasında razılşadırılan Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisi üzrə işləri sürətləndirməkdə maraqlıdır. O, qeyd edib ki, bu dəmir yolunun tikintisi "Şimal-Cənub" dəmiryol layihəsinin bir hissəsidir: "Biz ümid edirik ki, yaxın iki ildə bu yolun inşası başa çatdırılacaq. Qəzvindən Rəştə qədər olan tikintini İran özü tək həyata keçirəcək. Azərbaycan ərazisindən 7-8 kilometr dəmir yolu çəkmək lazımdır".
İran pəsmisi qeyd edib ki, "Şimal-Cənub" layihəsi Avropadan Rusiya, Azərbaycan və İran vasitəsilə Hindistana və Asiyanın cənub-şərq ölkələrinə vahid dəmiryolu xəttinin yaradılmasını nəzərdə tutur. Layihənin həyata keçirilməsinə 400 milyon ABŞ dolları lazımdır. Bununla yanaşı işlərin çox hissəsi Azərbaycan sərhədinə qədər dəmiryol xətti olmayan İran ərazisində görülməlidir. Azərbaycanda da 35-40 milyon dollar məbləğində müəyyən işlər görülməlidir. Azərbaycan ərazisində işlərin həcmi Astara (Azərbaycan) stansiyasına qədər 8,5 kilometrə yaxın dəmiryol xəttinin, təkərlərin dəyişdirilməsi üçün sistem stansiyalarının, sərhəd və gömrük infrastrukturunun tikintisini nəzərdə tutur: "Azərbaycanın həm maliyyə naziri, həm də nəqliyyat naziri bildirdilər ki, gələn ilin büdcəsində Astara (Azərbaycan) stansiyasına qədər 8,5 kilometrə yaxın dəmiryol xəttinin çəkilməsi üçün lazım olan vəsait büdcədə nəzərdə tutulacaq. Həmçinin Azərbaycan tərəfindən bizə müraciətlər daxil oldu ki, İranda vizasız qalma müddəti 15 gündən 30 günə qaldırılsın. İrana qayıdan kimi bu məsələni də müzakirə edəcəyik".
Onun sözlərinə görə, tikintinin birgə aparılacağı istisna edilmir. Azərbaycan və İranı birləşdirəcək bu dəmir yolunun tikintisi yükdaşımaların həcmini artıracaq.
Bakıda müzakirə edilən digər məsələ İran investisiyalarının Azərbaycan iqtisadiyyatına, o cümlədən, vaqon və relslərin istehsalına qoşulması idi. Bundan başqa, İran Azərbaycanda elektrik stansiyalarının və boru kəmərlərinin tikintisinə də investisiya yatırmaq niyyətindədir: "Sərmayə qoyulması üçün Azərbaycan tərəfindən irəli sürülən bütün sahələr araşdırıldıqdan sonra investisiya qoymağa hazırıq. Ümid edirəm ki, əməkdaşlığın inkişafı üzrə proqram həyata keçirildikdən sonra, ölkələrimiz arasında mal dövriyyəsi artacaq".
İran PA rəsmisi qeyd edib ki, keçirdikləri görüşlərdə eyni zamanda gömrük məsələlərinin sadələşdirmə prinsipləri də müzakirə olunub: "Biz razılaşdıq ki, Biləsuvar gömrük məntəqəsi ilin sonuna qədər 24 saat fəaliyyət göstərsin. Eyni zamanda yeni sərhəd məntəqələrinin açılması da müzakirə olundu. Azərbaycan tərəfi hansı ərazini məsləhət bilərsə orada yeni sərhəd məntəqəsini açmağa hazırıq. Bundan başqa Azərbaycanla İran sərhəddində sərhəd keçid məntəqələrində tıxacların yaranmaması üçün İran tərəfi gömrük məntəqələrində bir pəncərə sistemi yaradacaq və iş saatını artıracaq".
İran prezidentinin 1-ci müavininin iqtisadi məsələlər üzrə müşaviri İran prezidentinin birinci müavinin dəvətnaməsini Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadəyə təqdim etdiyini də bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB