Yaxud, qaçqın və əlillərin haqqına girənin “ədalətdən” danışmağa haqqı yoxdur!
“Milli Şura”nın sentyabrın 23-də keçirdiyi rüsvayçı mitinqdə diqqəti cəlb edən və ictimai rəyin şiddətli qınağına səbəb olan hadisələrdən biri də bu ölü qurumun koordinasiya şurasının üzvü Gültəkin Hacıbəylinin Azərbaycanın Silahlı Qüvvələri haqqında irəli sürdüyü böhtan dolu və düşmən dəyirmanına su tökən saxta fikirləri idi. Belə ki, G.Hacıbəylinin AXCP sədri Əli Kərimlinin və Cəmil Həsənlinin əhatəsində dayanaraq, Ordumuza qarşı ağlına gələn fikirləri önə çəkməsi dərhal Ermənistan mediasında yayımlandı.
Məhz bu amildən çıxış edərək, belə bir qənaətə gəlmək mümkündür ki, adıçəkilən ünsürlərlə Azərbaycan xalqını, Azərbaycan dövlətini heç bir bağlar bağlamır və onların ümdə məqsədləri bacardıqca ölkəmizin reputasiyasına zərbələr vurmaq, bunun isə əvəzində erməni lobbisinin maliyyələşdirdiyi xarici qurumlardan daha çox qrant toplamaqdır. Əbəs yerə deyil ki, hər zaman olduğu kimi, bu dəfə də Azərbaycan ictimaiyyəti AXCP-“Milli Şura” cütlüyünün siyasi şoularına heç bir dəstək vermədi. Xalq yaxşı bilir ki, bu fərdlər uzun illərdir ki, siyasi fəaliyyətlərindəki xainlik, dönüklük, satqınlıq və öz şəxsi maraqları üçün hər kəsi qurban verməklə məşğuldurlar. Məhz bu səbəbdən, guya Azərbaycan əsgərlərinin səngərlərdə əliboş (?!-R.N.) dayandığı və Azərbaycan Ordusunun silah-sursatın “sınıq və yararsız” olduğu haqda sərsəm çıxış edən G.Hacıbəyli ermənilərin sevimlisinə çevrilib...
Əlbəttə, erməni mediası həmin böhtanlı fikirləri dərhal ictimailəşdirdi və bununla düşmən və işğalçı ölkə necə deyərlər, əlinə “kozır” aldı ki, sonrakı müddətdəki informasiya müharibəsində anti-Azərbaycan fəaliyyətində bacardıqca istifadə etsin. Ümumiyyətlə, G.Hacıbəylinin xəyanət dolu fikirlərini Ermənistan mediasının dərhal tirajlaması sübut etdi ki, bu, daha öncədən razılaşdırılmış bir ssenaridir və xarici qüvvələrə işləyən “Mill Şura” məhz bu fikirlərə görə erməni lobbisi tərəfindən müəyyən maddi vəsaitlə mükafatlandırılacaq.
Digər tərəfdən, Ermənistan hakimiyyəti rəsmilərinin özünün "Azərbaycanın pulu var, ona görə bu cür silahlar alır" kimi fikirlərinin üzərindən saatlar keçməmiş G.Hacıbəylinin erməni ictimaiyyətini müharibə xofundan sakitləşdirmək üçün atdığı belə bir murdar addımın arxasında kimin və nəyin dayandığı hər bir kəsə kifayət qədər bəllidir!
Başqa bir yandan, G.Hacıbəylinin bu gün bir neçə yüz adamın qarşısına çıxıb “haqq-ədalətdən” danışması ümumiyyətlə, heç bir çərçivəyə sığmayan bir haldır. Çünki bu fərd hələ deputat olduğu dövrlərdə onlarla qaçqının və əlillərin, şəhid ailələrinin haqqına girərək, dövlətin onlara məxsus aid etdiyi torpaqlara güc yolu ilə sahib olurdu. Misal üçün, bir faktı önə sürə bilərik. Belə ki, G.Hacıbəylinin 2008-ci ildə Mehdiabad bələdiyyəsindən şantaj və həyasızlıq vasitəsi ilə torpaq qoparması haqqında sübutlar bu gün də qalmaqda davam edir. Elə də uzağa getməyərək, həmin ərəfələrdə adıçəkilən qəsəbənin bələdiyyə sədrinin müavini olmuş BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının fikirlərini xatırlaya bilərik. “Həmin illərdə mən Mehdiabad bələdiyyəsinin sədr müavini olmuşam” –deyə xatırladan N.Orduxanlı sözügedən açıqlamasında deyib. SİTAT: “Bilirəm ki, yadınızdan çıxmayıb bələdiyyə gəlib, iki ailə üzvünüz olduğu halda, 12 sot torpaq götürməyiniz. “Əlillər” massivindən aldığınız torpağı xatırladınız? Uca səslə deyridiniz ki, “Mən millət vəkiliyəm, prezident seçkilərində ölkə başçısının vəkili olmuşam! Bu gün müdafiə etdiyiniz Xədicə İsmayılı, Leyla Yunusu, İntiqam Əliyevi, Tofiq Yaqublunu, Əli Kərimlini və Cəmil Həsənlini necə ittiham edirdiniz?! Bu adamları “xalq düşməni” adlandırdınız... Deyə bilərsinizmi, o zaman daha səmimi idiniz, yoxsa indi?! Bu hadisənin canlı şahidləri də var”.
Orduxanlı onu da xatırladıb ki, G.Hacıbəyli bayrağını dəyişəndən sonra “zorla müxalifət” olanlardandır: “Necə ki, Əli Kərimli, Cəmil Həsənli olublar. Bu adamlar hakmiyyətdən uzaqlaşdırıldıqdan sonra dönüb olublar “müxalifət”. Ona görə də, belə şəxslərin ittihamları cəmiyyət tərəfindən ciddi qəbul oluna bilməz”.
Məhz həmin faktları da önə sürərək deyə bilərik ki, G.Hacıbəylinin heç vaxt ədalətdən danışmağa mənəvi haqqı yoxdur. Nə Azərbaycan barədə, nə də adicə insanlıq ətrafında. Çünki onun atdığı iyrənc, mənfur addımların hər biri xəyanətkarlıq, milli satqınçılıq olmaqla yanaşı, həm də qeyri-insanidir. Bu səbəbdən, belələrinin yeri cəmiyyət arasında ola bilməz!
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB