“Prezidentin ABŞ-da səfəri iki ölkə arasında münasibətləri daha da canlandıracaq” MÖVQE
“Azərbaycan prezidenti ABŞ-a rəsmi səfər deyil, BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək üçün getsə də, dövlət başçısı Assambleya çərçivəsində ABŞ-ın bir sıra aparıcı rəsmiləri ilə görüşlər keçirəcək ki, bu da iki ölkə arasında əlaqələrin daha da canlanmasına imkan verəcək”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti sessiya çərçivəsində həm dövlət başçıları, həm görkəmli ictimai siyasi xadimlər, həm də biznes sahələrinin nümayəndələri ilə görüşlər keçirəcək:
“Azərbaycan Prezidenti İlham Əliyev həmçinin BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı hər zaman olduğu kimi ölkəmizin mövqeyini bildirəcək, bir sıra mühüm məsələlərə toxunacaq. Dövlət başçısı sessiyada çıxışı zamanı ola bilsin BMT-nin islahatlara məruz qalma məsələsini də yenidən qaldıracaq. Çünki bu, uzun müddətdir müzakirə olunan problemdir”.
ABŞ-da administrasiya dəyişikliyindən sonra Azərbaycan-ABŞ münasibətlərində canlanmanın müşahidə olunduğunu deyən F.Sadıqov qeyd edib ki, bu səfər ölkələr arasında bir sıra sahələrlə bağlı münasibətlərə də öz töhfəsini verəcək.
Sessiya çərçivəsində Azərbaycan və Ermənistan XİN başçılarının planlaşdırılan görüşünə gəlincə, politoloq bildirib ki, əgər görüş zamanı hər hansı yeni ideya və təklif irəli sürülsə o zaman görüşdən müsbət nəsə gözləmək olar: “Bilirsiniz ki, bir müddət bundan öncə ABŞ-ın müvəqqəti həmsədri Riçard Hoqland Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı Azərbaycanın maraqlarına cavab verən ideya və təkliflər irəli sürmüşdü. Əgər həmin ideya yenidən gündəmə gəlsə, təbii ki, o zaman görüş haqqında müsbət fikir söyləmək olar. Ən əsası isə Ermənistana müəyyən təzyiqlərin göstərilməsidir. Çünki, görünür düşmən ölkə indiyədək beynəlxalq hüquq normalarının nə demək olduğunu başa düşmür və belə bir fikri də yoxdur. Bunu Ermənistana əlbəttə ki aparıcı dövlətlər, ilk növbədə isə ATƏT-in Minsk qrupunun həmsədrləri başa salmalı, müəyyən təzyiqlər etməlidirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB