Baş Prokurorluğun veb-saytının yeni versiyasının təqdimat mərasimi keçirilib

Baş Prokurorluğun veb-saytının yeni versiyasının təqdimat mərasimi keçirilib

Bu gün Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Qeyri-Hökumət Təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə Azərbaycan Prokurorluğunun veb-saytının yeni versiyasının təqdimatına həsr olunmuş mərasim keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Baş prokurorun müavini Namiq Əsgərov Prokurorluq orqanlarının həyatında mühüm əhəmiyyət kəsb edən bu əlamətdar hadisə münasibətilə mərasim iştirakçılarını təbrik edib və bildirb ki, Azərbaycan Respublikası Prokurorluğunun tarixində hərtərəfli müasirləşdirmə və inkişaf dövrünün əsasını qoyan prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Prokurorluğunda həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində prokurorluğun fəaliyyətində aşkarlığın təmin olunması, həyata keçirilən tədbirlərin obyektiv işıqlandırılması, ictimaiyyət, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrin genişləndirilməsi sahəsində xeyli işlər görülüb, Baş Prokurorluğun strukturunda dəyişikliklər aparılmaqla tərkibində informasiya texnologiyalarının tətbiqi xidməti olmaqla tam yeni məzmunda Hüquqi təminat və informasiya idarəsinin yaradılması təmin edilib.

 

Azərbaycan Prokurorluğunun veb-saytının yeni versiyasının hazırlanması ilə əlaqədar görülmüş təşkilati və digər tədbirlər barədə mərasim iştirakçılarına ətraflı məlumat verən Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəis müavini, Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Azərbaycan Respublikası Prokurorluğunun www.genprosecutor.gov.az və www.prokurorluq.gov.az ünvanlarında yerləşən veb-saytının prokurorluğun strukturunda və fəaliyyət istiqamətlərində baş verən dəyişikliklərin mütəmadi izlənilməsi, prokurorluğun tarixi, strukturu və digər məsələlər barədə məlumatların, fəaliyyət istiqamətləri üzrə görülən işlərin, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin, konkret məsələlər üzrə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatlarının, prokurorluğun işini tənzimləyən qanunvericilik aktları və Baş Prokurorluq üzrə normativ sənədlərin geniş ictimaiyyətə çatdırılmasına imkan verəcəyini diqqətə çatdırıb.

 

 Daha sonra veb-saytın müasir məzmunda yeniləşmiş struktur quruluşu, prokurorluğun tarixini, strukturunu, fəaliyyət istiqamətlərini, qanunvericilik bazası və beynəlxalq münasibətlərini, ictimaiyyət, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrini, keçirilmiş Kollegiya iclasları və əməliyyat müşavirələri barədə məlumatları özündə əks etdirən konkret bölmə və bloklar barədə mərasim iştirakçıları əyani şəkildə məlumatlandırılıb.

 

Bundan başqa, Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətini özündə əks etdirən informasiya xarakterli və müasir dizayna malik məlumat diski hazırlanıb. Həmin diskdə eyni zamanda Azərbaycan Respublikası haqqında, onun tarixi, ərazisi, əhalisi, dövlət rəmzləri, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatları özündə əks etdirən informasilar yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə