Sirr deyil ki, Müsavatın eks-başqanı İsa Qəmbərin nəinki bu xalq, bu millət qarşısında, o cümlədən müsavatçılar qarşısında da günahları böyükdür. Hətta o qədər böyükdür ki, indi orada baş verən proseslərə nəzər saldıqca, həmin günahlar daha çox görünməyə başlayır. Ancaq məsələ ondadır ki, o mövcud günahlarını hər zaman olduğu kimi boynuna almır. Məsələn, etiraf etmir ki, Arif Hacılını saxta seçkilər vasitəsilə Müsavata başqan gətirib, etiraf etmir ki, bu gün partiyanın qurulmasında xidmətləri olmuş əsas adamlar onun səhvləri nəticəsində ya digər partiyalardadırlar, ya öz partiyalarını qurublar, ya da ümumiyyətlə, siyasi səhnəni tərik ediblər, etiraf etmir ki, o bu gün də partiyaya kölgə başqanlığı edir, etiraf etmir ki, “MSDM”i yaradarkən, bunu siyasi-ictimai maraqlar üçün deyil, şəxsi maraqları üçün təsis edib ki, növbəti seçkilərdə iştirak etsin, etiraf etmir ki...
Beləliklə, İ.Qəmbərin edə bilmədiyi etiraflarının sayını kifayət qədər artırmaq olar. Amma bütün bunlar bir yana, sabiq Müsavat başqanı kor-kor, gör-gör 2018-də namizəd olacağını Arif Hacılı vasitəsi ilə bəyan etdirir...
Nə isə, keçək əsas məsələyə, həmin məsələyə ki, o Müsavatda baş verən qarşıdurmalar fonunda 2018-də namizəd olacağını başda A.Hacılı olmaqla, ona-buna dedizdirir. Əslində, bu bilirsiniz mənə nəyi xatırladır? Misal üçün, hələ 2015-ci ilin parlament seçkiləri ərəfəsində prosesə qatılmaq üçün Müsavat partiyasından namizədliyini irəli sürərkən bəyan etmişdi ki, Müsavat daxilində gedən proseslərə rəğmən bu mübarizə iqtidarla Müsavat arasında olan məsələdir (?!-R.). Fikir verin, Müsavat partiyası həmin ərəfələrdə dağılmağa, parçalanmağa, məhv olaraq deqradasiyaya uğramağa başlayırdı, İ.Qəmbər isə bütün günahları atırdı iqtidarın üzərinə ki, sən demə oradakı narazılar hakimiyyətə işləyirmiş (??!!-R.) Yəni, o Müsavatda avtoritar rejimi qoruyub-saxlamaq üçün hətta ən aparıcı şəxslərin istefalarına göz yumur, səhvini boynuna almır, əsas günahlarını da atır hakimiyyətin üzərinə, sadəcə, siyasi həyasızlığın son həddi!
Demə, hakimiyyətə qarşı radikallıqları ilə seçilən sabiq müsavatçılar - Səxavət Əlisoy, Hikmət Hacızadə, Əlövsət Talışxanlı, Vurğun Əyyub, Qubad İbadoğlu və başqaları hələ o vaxtları narazılar qrupunda yer alarkən, hakimiyyətlə iş birliyi quraraq, Müsavatı parçalamaq yolunu tutublarmış (?!-R). Çox gülməli və gülməli olduqca da özünü “lider” adlandıran birinin nə qədər acınacaqlı vəziyyətə düşməsinin bariz göstəricisidir əslində belə iddialar. Halbuki, İ.Qəmbər gedənləri ittiham edərkən, etiraf etməyə cürətlənməyib ki, reallıqda Müsavatın parçalanmasında əsas baiskar məhz onun özüdür. Yəni partiyanı parçalayanlardan ən yekəsi, ən nəhəngi, ən böyüyü, ən zırpısı elə İ.Qəmbərin özüdür ki var!
Bayaq da qeyd etdiyim kimi, İ.Qəmbər formal olaraq Müsavatın rəhbəri olmasa da, qeyri-formal qaydada A.Hacılını və onun tayfa komandasını idarə edir. Bu gün Müsavatdan istefa verənlərin çoxu İ.Qəmbərədən də artıq müsavatçılardırlar desək, heç də yanılmarıq. Yəni ümumilikdə onun egidası altında olanlardan da nə zamanda, eyni halları gözləməyə dəyər. Necə deyərlər, zaman göstərəcək.
Amma yaxşı olardı ki, özünü 2018-ə hazırlamaqdansa, o cürət tapıb, bircə dəfə öz günahlarını etiraf edərdi. Yox, əgər etmirsə, buna cürəti çatmırsa, onda özü kimi anlamsız ifadələri ilə onsuz da bulandırmış könülləri daha da bulandırmasın və siyasətdən üzüsulu şəkildə ayrılsın. Çünki nə siyasət, nə də ki, üstün yerlərdə kürsü tutmaq ümumiyyətlə, Qəmbərin girdiyi kol deyil. Amma cürəti çatarmı? Elə, məncə də yox...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB