"Əgər jurnalistin qələmi öz xalqına , dövlətinə yox, hansısa xarici dairələrə xidmət edirsə, bu hərəkətin bir adı var: Vətənə xəyanət". Azərbaycana qarşı şər-böhtan və müxtəlif ittihamlarla çıxış etməyi adət edən xarici mətbu orqanlara istinad edən müxalif qəzetlər və saytlar Azərbaycanın milli maraqlarına zərbə vurmağa xidmət edən mövqe sərgiləyirlər. Təbii ki, müxalifətyönlü qəzet və saytların xarici tör-töküntülərdən ibarət mətbu orqanlarının qərəzli məlumatlarına həvəslə səhifələrində yer verməsi KİV haqqında qanunun pozulması deməkdir. Söhbət etdiyimiz müsahiblərimiz qanununa zidd fəliyyət yolu tutan mətbu orqanların cəzalandırılmasının vacib olduğunu bildirdilər.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli:
- Əlbəttə, qeyd etdiyiniz kimi, artıq bir sıra yerli və beynəlxalq təşkilatlar var ki, onlar Azərbaycana qarşı şər-böhtan atmağa, bir növ adət ediblər. Onlar, dünya xəbər gündəminin nə olmasının fərqinə varmadan, mütləq bir problem tapırlar və bu problemə istinad edərək, Azərbaycanı tənqid edirlər. Əgər problem yoxdursa belə, onu uydururlar, qondarma bir mövzu tapıb, ölkəmizə qarşı hücuma keçirlər. İndi də maraqlı bir məqam yaranıb: dünya xəbər gündəmini qaynar münaqişə bölgələri barədə xəbərlər tutduğu, bütöv ölkələrin, bütöv xalqların repressiyalara məruz qaldığı, bütöv xalqların soyqırımına məruz qaldığı, insanların dini mənsubiyyətlərinə görə total şəkildə qırdırıldığı bir dövrdə, hüquq-müdafiə təşkilatlarının həmin bölgələr üzrə fokuslaşmalı olduqları halda, necə oldu ki, Azərbaycan mövzusu gündəmə gəldi?! Həmçinin, necə oldu ki, dünyanın bir neçə ölkəsində, o cümlədən, Britaniyada, ABŞ-da və Fransada transmilli KİV-lər birdən-birə, eyni vaxtda, eyni gündə Azərbaycana diqqət ayırmalı oldular? Hər şeydən aydın görünür ki, bu, bir kampaniyadır və onu idarə edən bir güc, bir mərkəz və bir şəbəkə var. Bu şəbəkə tezisləri hazırlayır, onu müxtəlif KİV-lər, QHT-lər vasitəsilə gündəmə gətirib ictimailəşdirirlər. Bu şəbəkənin və bu mərkəzin kim tərəfindən idarə edilməsi də artıq aşkara çıxıb. Həmin güc mərkəzlərinin kimliyini, haradan idarə olunmasını Prezidentin Siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənov dəqiq göstərdi. Dedi ki, erməni diasporu, erməni lobbisi və Corc Soros bu kampaniyaların təşkilatçılarıdırlar. Onların hansı maraqla Azərbaycana hücum etdiklərini isə hər kəs bilir. Çox təəssüf ki, bu şər şəbəkəsinin Azərbaycanda da uzantıları var. Onlar Azərbaycan dilində nəşr olunsalar da, Azərbaycan mediası olduqlarını iddia etsələr də, mahiyyətcə barəsində danışdığımız şəbəkənin təsiri altındadırlar. Bu baxımdan, oxucular diqqətli olmalı, informasiyanı hansı KİV-dən oxuduqlarının fərqinə varmalıdırlar.
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı:
- Azərbaycanda fəaliyyət göstərən mətbuat orqanlar milli və dövlətçilik maraqlarına zidd mövqe tutmamalı, yalan və dezinformasiya yazmaqdan çəkinməlidir. Bu cür hərəkətlərə yol vermək ən azından oxuculara hörmətsizlikdir, Azərbaycanın milli maraqlarına vurulan bir zərbədir. Bu baxımdan, düşünürəm ki, xarici kütləvi informasiya vasitələrinin yaydıqları hər hansı məlumat aydınlaşmalıdır. Eləcə də, həmin məlumatın hansı dairələr tərəfindən uydurulub dövriyyəyə buraxılmağının fərqində olmalıdırlar. Bu baxımdan, düşünürəm ki, belə yanlış informasiyaların, müxtəlif ölkələrin maraqlarına uyğun Azərbaycanın maraqlarının əleyhinə olan materialların ölkə mətbuatının hansısa bir saytında yayılması kobud səhvdir və peşə fəaliyyətimizə ziddir.
"Baki Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev:
- Xarici KİV-lərdə Azərbaycana qarşı qərəzli mövqe tutan və bunun əsasında hərəkət etmək mənəvi-əxlaqi prinsiplərə tamamilə ziddir. Çünki özünü media orqanı sayanlar tam müstəqil şəkildə fəaliyyət göstərməlidirlər. İnformasiya və mövzu seçimində müstəqil olmalıdırlar. Məlumatı köçürmək və kimləri isə yamsılamaq, təkrarlamaq yolverilməzdir, o da ki, qərəzli mənbələrdən ola. Bir sözlə, xarici media orqanlarına istinad edib, onların yazdıqları subyektiv, qərəzli məlumatları, yazıları tirajlamaq birincisi, mənəvi-əxlaqi prinsiplərə və Azərbaycan mediasının peşə prinsiplərinə uyğun deyil. İkincisi, normal media olmaq baxımından, hər bir media orqanının özünün şərəf prinsiplərinə uyğun sayıla bilməz. Üçüncüsü isə, əlbəttə, bu, Azərbaycan qanunvericiliyinə uyğun deyil. Çünki Azərbaycan qanunvericiliyində tam aydın yazılmış müddəalara görə, media orqanı ilk əvvəl obyektiv, doğru-dürüst, qarşı tərəfin şərəf və ləyaqətinə hörmət prinsipi əsasında fəaliyyət göstrəməlidir. Əgər hansısa bir xarici media orqanı sadaladığım bu prinsipləri pozursa, kimlərinsə həmin o media orqanlarına istinad etməsi, artıq iki qat qanun pozuntusu sayılır. Buna görə də, qanunun tələbləri çərçivəsində tədbir görülməlidir.
"Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev:
- Azərbaycan jurnalisti üçün birinci prioritet istiqamət dövlət və milli maraqların qorunması olmalıdır. Əgər jurnalistin qələmi öz xalqına , dövlətinə yox, hansısa xarici dairələrə xidmət edirsə, bu hərəkətin bir adı var: Vətənə xəyyanət. Bu cür məsələlərə münasibətdə mənim düşüncəm, illərdir ki, belə formalaşıb. Xarici mətbuat, o cümlədən də, son günlər Azərbaycana qarşı qərəzli kampaniya aparan "The Washington Post" və "Guardian" kimi nəşrlər nə bizim dövləti, nə də xalqımızı istəyən mətbuat orqanları deyil. Bu nəşrlər xaricdə müəyyən dairələrin əlində təzyiq alətindən başqa bir şey deyil. Onları demokratik dəyərlərə xidmət edən qəzetlər hesab etmək qeyri-mümkündür. Biz dünyada, xüsusən də, ərəb ölkələrində baş verən faciələrdən sonra, bu nəşrlərin iç üzünü daha aydın gördük. Ona görə də, bu cür nəşrlərdə Azərbaycanın əleyhinə yazılan materiallara istinad edib, hansısa nəticə çıxarmaq yanlışdır. Müxalif KİV-lər belə xarici nəşrlərə istinad etməklə, Azərbaycanın milli maraqlarına zərbə vurmuş olurlar.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB