Ermənistan nüvə ilə qorxutdu

Beynəlxalq qurumların reaksiyası necə olacaq?

Ermənistan hakimiyyəti düşmənlərini növbəti dəfə nüvə silahı ilə qorxudub. Özü də konkret hədəfləri göstərməklə. İşğalçı rejimin sabiq baş naziri Qrant Baqratyan Polşada Azərbaycan mətbuatına açıqlamasında bildirib ki, ölkəsində nüvə silahı var və bu silah Türkiyə və Azərbaycanı zərərsizləşdirməyə hesablanıb.

Baqratyan bir qədər də irəli gedərək nüvə silahının Ermənistanda hələ sovet dönəmindən olduğunu da qeyd edib. Düzdür, Baqratyan sabiq baş nazir olsa da “cəsarətli” açıqlama vermək üçün Sarkisyandan razılıq aldığı dəqiqdir.

Ümumiyyətlə, bu Ermənistan rəsmilərinin ilk bənzər iddiaları deyil. İstər Baqramyan, istərsə də digərləri daha əvvəllərdə İrəvanın atom silahına malik olmasını qeyd etmişdi. İlk baxışda blef kimi görsənən nüvə silahı oyunu İrəvanın ənənəvi şantaj siyasətinin tərkib hissəsi ola bilər. Və ya əksinə İrəvanda doğurdan da nüvə silahlı var? Hər bir halda beynalxalq ictimaiyətin Ermənistanın bənzər hədələrinə göz yumması təəccüb doğrur. Nüvə silahı ilə mübarizə aparan güc dövlətlərinin cılız bir Ermənistanın atom hədələrini görməzdən gəlməsi heç bir məntiqə sığmır. Bu gün də nüvə silahına malik olan ölkələrə qarşı aparılan “anti-terror” adlı əməliyyatlar, bu səpkidə bəzi hədəf alınması dünyanın gözü qarşısındadır. Belə çıxır ki Ermənistan istisnadır? Bir sözlə qonşularını nüvə ilə hədələyən Ermənistana loyal münasibətin heç bir izahı yoxdur.

Bu gün dünya dövlətləri Baqratyanın açıqlamasından dərhal sonra İrəvana ultumatum verməli, bununla da yetinməyərək Ermənistanda araşdırmalar başlanmalı idi. Lakin yenə ikili yanaşma ilə üz-üzəyik. Sanki heç nə baş vermir və İrəvanda cəmləşən cinayətkar rejim üçün yaşıl işıq yandırılıb. Bəlkə dünya birliyi Ermənistanın Azərbaycan və ya Türkiyəyə qarşı atom silahından istifadə edə biləcəyinin absurd olduğunu anladığından “səsini” çıxarmır. Axı Ermənistan istəsə belə buna gedə bilməz. İrəvanın atacağı bənzər addım bu ölkənin tamami ilə məhv olması deməkdir. Baqratyan da reallığı adı kimi yaxşı dərk etdiyindən nüvə silahı üzərindən uğursuz siyasi cəhdlər edir.

Bakı bütün hallarda işğal olunan ərazilərin itirilməsi ilə barışmayacaq. Azərbaycan toraqlarında ikinci Ermənistan dövlətinin yaradılması sadəcə mümkün deyil. Nüvə silahı belə işğalçını ikinci Dağlıq Qarabağ münaqişəsindən sığortalaya bilməz. Ümid edək ki, Baqratyanın məsuliyyətsiz açıqlamalarına sərt reaksiya gələr. Ayrıca belə bir sərsəm bəyanatın Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında keçirlməsi planlaşdırılan görüş ərəfəsinə təsadüf etməsi də maraq doğurur. Ermənistan bununla bir daha işğalçılıq siyasətindən əl çəkmədiyini nümayiş etdirməklə bərabər, bölgədə mümkün müharibənin yaxınlaşmasına rəvac verir.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə