İran prezidentinin iqtisadi və nəzarət üzrə müavini: “Azərbaycanla İran arasında ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaq fikrindəyik” - AÇIQLAMA - Yenilənib

İran prezidentinin iqtisadi və nəzarət üzrə müavini: “Azərbaycanla İran arasında ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaq fikrindəyik” - AÇIQLAMA - Yenilənib

Azərbaycanla İran arasında iqtisadi dövriyyəni 20 milyard dollara çatdırmaq fikrindəyik. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında İran prezidentinin iqtisadi və nəzarət üzrə müavini Əli Ağaməhəmmədi deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanla İran arasında bütün sferalarda inkişaf göz qabağındadır.

İranlı nazir bildirib ki, başçılıq etdiyi nümayəndə heyətinin səfərinin əsas məqsədi ikitərəfli iqtisadi əlaqələrə təkan verməkdir: "Azərbaycanla İran arasında ikitərəfli əlaqələri genişləndirmək üçün yüksək potensial mövcuddur. Hesab edirəm ki, əlaqələri daha da genişləndirmək lazımdır. Azərbaycan və İran arasında ticarət dövriyyəsini də artırmaq əzmindəyik".

Ə. Ağaməhəmmədi səfər çərçivəsində heç bir sənədin imzalanmayacağını qeyd edib: "Əsasən bundan əvvəl iqtisadi zəmində imzalanan sənədlərin qüvvəyə minməsi üçün müzakirələr aparılacaq. İki ölkə rəhbərlərinin səyi nəticəsində əlaqələrimiz daha da inkişaf edəcək".

Qeyd edək ki, İran prezidentinin iqtisadi və nəzarət üzrə müavini Əli Ağaməhəmmədinin başçılıq etdiyi nümayəndə heyəti artıq Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.

Xatırladaq ki, İran prezidentinin müavini Əli Ağaməhəmmədinin başçılıq etdiyi nümayəndə heyəti bu gün ölkəmizə səfərə gəlib. Nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək və bu görüşlərdə ikitərəfli iqtisadi əlaqələr, bank sahəsində əməkdaşlığa dair məsələlər müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə