İtaliyalı senator: "Dağlıq Qarabağ probleminin həllində İtaliya parlamenti və hökuməti Azərbaycanın mövqeyini dəstəkləyir"

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan İtaliya Senatının İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Rossana Boldinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə O. Əsədov rəsmi Bakının İtaliya ilə əməkdaşlığın dərinləşməsinə böyük önəm verdiyini vurğulayıb.

Spiker bildirib ki, ölkələr arasında münasibətlərin qurulmasında parlamentlərin xüsusi rolu var. Artıq 15 ildir Milli Məclisdə İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. O. Əsədov Cənubi Qafqazdakı vəziyyətlə əlaqədar İtaliya parlamentinin qəbul etdiyi qətnaməyə görə minnətdarlığını bildirib.

R. Boldi isə ölkəsinin Azərbaycana böyük maraq göstərdiyini deyib. Ölkələr arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadiyya və mədəniyyət sahələrində əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu vurğulayan italiyalı senator Dağlıq Qarabağ probleminin həllində İtaliya parlamentinin və hökumətinin Azərbaycanın mövqeyini dəstəklədiyini dilə gətirib.

Azərbaycana səfəri çərçivəsində R. Boldi bu gün həmçinin Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə