Mikayıl Rəhimov: “Müxalifət bloklaşmada nə mümkün idisə, onu da edib“ - MÜSAHİBƏ

Mikayıl Rəhimov: “Müxalifət bloklaşmada nə mümkün idisə, onu da edib“ - MÜSAHİBƏ
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Mikayıl Rəhimovun SİA-ya müsahibəsi

- "İstiqlal bloku" siyasi partiyalar bloku tərəfindən irəli sürülən namizədlərin dairə seçki komissiyalarında qeydə alınması işi və imzatoplama kampaniyası necə aparılır?

- Dünənə kimi bütün namizədlərimiz sənədlərini seçki dairələrinə təqdim ediblər. Namizədləri irəli sürdüyümüz 106 seçki dairəsinin hamısında bu proses normal şəkildə aparılır. İki gündür ki, imza vərəqələrinin alınması ilə bağlı informasiyalar daxil olur. Daxil olan məlumatlara görə, bir neçə dairədə imzatoplama kampaniyası başa çatıb. İmzalar yoxlanılaraq dairə seçki komissiyalarına təqdim olunacaq. İmzatoplama kampaniyası bitdikdən və imzaların təsdiq edilməsindən sonra təbii ki, əsas iş təbliğat-təşviqat kampaniyasına hazırlıq olacaq.

- Bəzi müxalifət partiyası və seçki bloku belə bir iddia ilə çıxış edib ki, namizədlərin qeydə alınması və imza vərəqələrinin verilməsi zamanı dairə seçki komissiyaları tərəfindən süni maneələr yaradılır. Təmsil etdiyiniz blok hansısa maneə ilə rastlaşıbmı?

- Belə informasiyalar bizə də daxil olur. Bildirilir ki, təlimatda nəzərdə tutulmayan sənədlər tələb edilir. Məsələn, diplomun surətini istəyirlər. Hesab edirəm ki, burada bir problem yoxdur. Diplomun surətini notariusda təsdiq etdirmədən belə təqdim etməklə bu problemi də aradan qaldırmaq olar. Onu da deyim dairə seçki komissiyaları həmin sənədləri istəyən zaman israr etmirlər. Bəzi rayonlardan bizə informasiya daxil olur ki, həmin rayonlarda surətçıxarma aparatlarının işləməməsinə görə, bəzi sənədləri hazırlaya bilməsələr də dairə seçki komissiyaları həmin sənədlərin bir neçə günə verilməsinə razı olublar. Yəni, ciddi problem yaratmır. Amma hər halda, təlimatda göstərilməyən sənədlərin tələb edilməsi barədə faktlar var.

- Blokun təsisi zamanı Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirmişdi ki, əsas məqsəd məsuliyyətli müxalifətin yaradılmasıdır. Bu çətin görünmür ki?

- Düşünürəm ki, çətin deyil və mümkün olacaq. Blok təsis edilərkən və namizədlər təsdiq olunarkən bu məsələyə çox ciddi yanaşılıb. Hesab edirəm ki, "İslahat" bloku Azərbaycan parlamentinə yeni bir nəfəs gətirəcək. Güman edirəm ki, Azərbaycan parlamenti fəaliyyətə başlayan kimi bu nəfəs hiss olunacaq.

- "İslahat bloku" siyasi partiyalar bloku hansı partiyanı və yaxud partiyalar blokunu özü üçün əsas rəqib hesab edir?

- Biz "İslahat" bloku olaraq rəqiblər arasında fərq qoymuruq. Bu elə bir kampaniyadır ki, hər bir dairədən bir deputat seçilir. Namizədliyi istər hansısa partiya və ya blok tərəfindən irəli sürülən, istərsə də seçkilərə bitərəf olaraq qatılan hər bir şəxs bizim alternativimizdir. Bir və ya iki deyil, bütün alternativlərlə mübarizə aparırıq. Hesab edirəm ki, ən şanslı, deputat olmağa layiq olanlar bizim blok tərəfindən irəli sürülən namizədlərdir.

- Seçkilərə gedən "İslahat bloku" siyasi partiyalar blokunun təbii ki, müəyyən iddiaları var. Müxalifət partiyalarının və Yeni Azərbaycan Paytiyasının namizədlər siyahısının açıqlamasından sonra iddialarınızda dəyişiklik olubmu?

- İstər müxalifət partiyaları və siyasi blokları, istərsə də Yeni Azərbaycan Partiyasının namizədlər siyahısının açıqlanmasından sonra blokumuzun iddialarında və seçki hazırlığında hansısa dəyişilik olmayıb. Əvvəlcədən nəzərdə tutulduğu kimi, fəaliyyətimiz davam edir. Digər tərəfdən də bu məsələlərə baxmağa kifayət qədər vaxtımız var. Seçki kampaniyasını kimin necə aparmasından çox şey asılı olacaq. Bəzən deyirlər ki, nüfuzlu bir Azərbaycan ziyalısı, siyasətçisi özünə arxayın olaraq seçkilərdən umduğunu ala bilmir. Hesab edirik ki, bizim namizədlərimiz təbliğat-təşviqat kampaniyasında daha fəal olacaqlar, seçicilərin səsini alaraq parlamentə düşəcəklər.

- Bir neçə seçkidə uğursuzluğa uğrayan müxalifətdən hansı addımların atılmasını gözləyərdiniz?

- Təbii ki, bütün seçkilərə eyni taktika ilə getmək mümkün deyil. Hesab edirəm ki, siyasi partiyalar blokunun və yaxud seçkilərə tək gedən partiyanın uğur qazanmasının ən mühüm amili onun hansı seçki taktikasını seçməsindən asılı olacaq. Hesab edirəm ki, uğur qazanmaq istəyən hər bir namizəd, blok özünəməxsus planlar cızaraq seçicilərin diqqətini cəlb etməyə yönələn seçki platformaları ilə seçkilərə qatılmalıdır.

- Müxalifət bloklaşma siyasətində daha irəli gedə bilərdimi?

- Gerçəklik budur ki, 5 siyasi partiyalar bloku yaradılıb. Bugünkü günə mümkün olan edilib. Desək ki, 10 partiya bir blokda birləşərək daha yaxşı nəticə əldə edə bilərdi, bunlar yalnız ehtimallardır. Mümkün olan edilib. Hansı partiyaların yaxınlaşması mümkün idisə, hansı partiyaların Azərbaycan parlamentinə baxışı bir-birinə uyğun gəlirdisə, onlar blok yarada bildilər.

- "Radikal" və "konstruktiv" müxalifət anlayışlarına münasibətiniz necədir?

- Hesab edirəm ki, bu qəzetçiliyin yanaşmasının məhsuludur. Heç bir siyasətçi demir ki, mən radikalam və yaxud konstruktivəm. Hər bir siyasətçinin öz yolu var. Yalnız kənardan görünür ki, həmin siyasətçinin yolu radikaldır, yaxud konstruktivdir. Siyasətçinin fəaliyyətinə xalqın, seçicinin verdiyi qiymət daha realdır, daha dolğundur. Hansı siyasətçinin, partiyanın fəaliyyəti seçicinin rəğbətini qazanırsa, deməli onun fəaliyyəti, tutduğu yol daha düzgündür, Azərbaycanın milli maraqlarına uyğundur.

Bütün xəbərlər Facebook səhifəmizdə