BAXCP rəsmisi: “Məmurlar baş vermiş hadisədən ciddi dərs götürməlidir" MÜNASİBƏT

BAXCP rəsmisi: “Məmurlar baş vermiş hadisədən ciddi dərs götürməlidir" MÜNASİBƏT

“Məmur övladlarının avtoxuliqanlıq etməsi cəmiyyətdə haqlı olaraq narazılıqla qarşılanır. Bu yaxınlarda baş vermiş hadisə ölkə mətbuatının, sosial şəbəkənin gündəmindən düşmür”. Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, 20-21 yaşlı gənclərin bu cür hadisələr törətməsinin məsuliyyəti həm də onların valideyinlərinin üzərinə düşür: "Onlar övladlarını düzgün tərbiyə etməlidirlər ki, bu cür ağır fəsadlara səbəb olan qəzalar törənməsin. Ancaq bir həqiqəti də qeyd etmək istəyirəm ki, bizim ölkədə tək məmur övladları deyil, sadə vətəndaşların da övladları "07" markalı maşınlarla avtoşluq edirlər. Daha çox bu maşınların xüliqanlıq etmələrinin şahidi oluruq. Buna görə də, biz hüquqa söykənməliyik. Ən ağır vəziyyətlər yaradan, insanların həyatını məhv edən şəxslər təbii ki, layiqli cəzalarını alamalıdırlar. Dəfələrlə şahidi olmuşuq ki, məmur övladlarının özbaşınalığına cənab Prezident çox sərt münasibət bildirib və hətta onların valideyinlərini işdən azad edib. Cəzasızlıq şəraiti anarxiyaya yol aça bilər. Cəzasızlıq özbaşınalığa gətirib çıxara bilər. Bu səbəbdən Prezidentin ən sərt münasibəti ortadadır. Hər kəs bundan dərs almalıdır. Qanunu daha da sərtləşdirməliyik ki, bu cür hadisələr təzədən təkrar olunmasın. Dövlət bütün vətəndaşlarını qorumalıdır və necə ki, qoruyur. Məmurlar isə baş vermiş hadisədən ciddi şəkildə dərs götürməlidirlər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə