Dovlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin İrana səfəri başa çatıb

Azərbaycan Respublikası Dovlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevin rəhbərlik etdiyi numayəndə heyətinin İran İslam Respublikasına səfəri başa çatıb. Səfər çərçivəsində iki ölkənin dövlət sərhədinin mühafizəsinə aid bir sıra məsələləri müzakirə edilib.

SİA-nın məlumatına görə, görüşlərdə qeyd olunub ki, Azərbaycan ilə İranın sərhəd xidmətləri arasında əməkdaşlıq əlaqələri və sərhədlərin mühafizəsinin vəziyyəti müsbət istiqamətdə inkişaf edir. Tərəflər qeyri-leqal miqrasiyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizə aparır, sərhəd pozuntularının tamamilə aradan qaldırılması və bütün növ qaçaqmalçılıqla mübarizədə səylərini birləşdirirlər. Bu istiqamətdə əməkdaşlıq əlaqələri bundan sonra da davam etdiriləcəkdir.

Müzakirə olunan məsələlərlə bağlı tərəflər arasında əməkdaşlıq protokolu imzalanıb.

Yerli mətbuat nümayəndələrinə müsahibəsində Elçin Quliyev bildirib ki, hər hansı sərhəd hadisəsini birtərəfli və qərəzli formada ictimaiyyətə çatdırmağa heç bir mətbuat orqanının haqqı yoxdur. Azərbaycan-İran dövlət sərhədinin mühafizəsinin vəziyyəti müsbət istiqamətdə inkişaf edir.

Təəssüf ki, bəzi mətbuat orqanlarında sərhəd hadisələri şişirdilir, faktlar təhrif edilir, həqiqətdən uzaq və yalan informasiyalar yayılır. Belə hallar azad mətbuatın prinsiplərinə, jurnalist etikasına və ziyalılıq mədəniyyətinə uyğun deyildir.

Bütün xəbərlər Facebook səhifəmizdə