Türkdilli ölkələrin dövlət başçıları birgə mətbuat konfransı keçiriblər
Sentyabrın 16-da Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı başa çatdıqdan sonra prezidentlər birgə mətbuat konfransı keçiriblər. SİA-nın məlumatəna görə, mətbuat konfransında çıxış edən Türkiyə Prezidenti Abdullah Gül deyib ki, X zirvə toplantısı çox səmərəli keçib, bir sıra mühüm məsələlər müzakirə olunub. Toplantıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı qərar qəbul olunub. Katibliyi İstanbulda yerləşəcək bu qurum iştirakçı ölkələr arasında əlaqələrin gücləndirilməsi üçün sistemli fəaliyyət göstərəcəkdir. Türkiyəli diplomat Xəlil Akınçı türkdilli ölkələr üçün xüsusi önəmi olan bu qurumun baş katibi təyin olunub.
Türkiyə Prezidenti qeyd edib ki, Şuranın tərkibində dövlət başçılarının şurası, xarici işlər nazirlərinin şurası, ağsaqqallar şurası, yüksək vəzifəli şəxslər şurası və daimi katiblik fəaliyyət göstərəcəkdir. Ankarada fəaliyyət göstərən TÜRKSOY, Bakıda fəaliyyət göstərən Türkdilli Ölkələrin Parlament Assambleyası, Astanadakı Türk Akademiyası isə Şuranın gücləndirilməsi istiqamətində çalışacaqdır. Zirvə görüşündə, həmçinin qərara alınıb ki, türk mədəniyyətinin qorunması üçün Bakıda vəqf, universitetlər arasında fəaliyyətin gücləndirilməsi üçün qurum, Astanada Akademiyanın tərkibində muzey, tarixi araşdırma fondu yaradılsın.
Abdullah Gül bildirib ki, Astana 2012-ci ildə türk mədəniyyətinin paytaxtı, oktyabrın 3-ü isə Türkdilli ölkələrin əməkdaşlıq günü elan olunub. Gələn il Türkmənistanda MDB-nin üzvü olan türk dövlətlərinin müstəqilliyinin 20 illiyinin qeyd edilməsi, həmçinin türkdilli ölkələrin dövlət başçılarının növbəti zirvə görüşünün Qazaxıstanda keçirilməsi qərara alınıb.
Sonra dövlət başçıları jurnalistləri maraqlandıran sualları cavablandırıblar.
Azərbaycan Prezidenti İlham Əliyev mətbuat nümayəndələrinin suallarına cavab verib.
Mətbuat konfransından sonra dövlət başçıları birgə foto çəkdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB