Politoloq: "Bundan sonra hərbi silah istifadə üslubuna keçə bilərik" MÜNASİBƏT

“Artıq uzun müddətdir ki, biz aparıcı dövlətlərin, beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verənlərə seyrçi mövqeyini görürük. Baş verənlər də məhz ATƏT-in Minsk qrupu həmsədrlərinin, beynəlxalq təşkilatların indifferent münasibətlərinin nəticəsidir. Əgər onlar daha aktiv olub, Ermənistana müəyyən təzyiqlər etsəydilər, hazırda məsələ tamamilə başqa istiqamətdə öz həllini tapa bilərdi”. Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Politoloq bildirib ki, dünya ictimaiyyətinin Azərbaycanda baş verənlərlə bağlı susması acınacaqlı haldır: “Düzdür, vəziyyət dəyişir, bizim tərəfdaşlarımızın sayı çoxalıb. İsrail, Türkiyə, Pakistan bizim müttəfiqimizdir. Bundan başqa Rusiya ictimaiyyətində də kifayət qədər sağlam düşüncəli insanlar var ki, onlar Füzulidə baş verənləri pisləyir, Ermənistanın təxribatın qarşı çıxırlar.Lakin biz bütün bunlarla yanaşı dünyanın aparıcı dövlətlərinin də məsələyə qiymət verməsini istəyirik. Çünki biz hansısa ölkənin havaya raket buraxması səbəbindən BMT Təhlükəsizlik Şurasının yığıldığını görürük. Belə olan halda, Azərbaycan həm informasiya təbliğat maşınını gücləndirməli, həm də bizim diplomatik nümayəndəliklərimiz, diaspor təşkilatlarımız daha da gücləndirilmiş formatda işləyib, reallıqları yaymalı, bununla bağlı filmlər, sərgilər nümayiş olunmalı, bir sıra təsirli addımlar atılmalıdır. Artıq xaricdə yaşayan bir sıra dairələr, ictimai-siyasi xadimlər həqiqətləri dərk edib, başa düşürlər. Düzdür, onlar məsələni həll etmək gücündə deyillər. Amma onların da fikirləri məsələyə müsbət təsirini göstərər bilər”.

F. Sadıqov qeyd edib ki, Azərbaycan tərəfi baş verənlərə simmetrik adekvat cavab verməlidir: “Bəlkə də biz vasitəçilik rolunu oynayan şəxslərin fikirlərinə o qədər əhəmiyyət verməyərək, öz maraqlarımız çərçivəsində hərbi istiqamətdə addımlar atmalıyıq. Bundan sonra hərbi silah istifadə üslubuna da keçə bilərik. Bəlkə də biz ikinci aprel hadisələrini nümayiş etdirməliyik. Çünki erməni tərəfi sülh dilini deyil, yalnız güc dilini başa düşür. Düşmən tərəfi danışıqlara, diplomatik görüşlərə əhəmiyyət vermir. Bizim kifayət qədər müasir hərbi texnikamız var. Bu baxımdan hesab edirəm ki, biz onlardan effektiv şəkildə istifadə etməli, düşmənə bu yolla cavab verməliyik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə