İşğalçı Ermənistana məxsus silahlı qüvvələrin və "dqr" separatçılarının Fizuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində qətlə yetirdikləri Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının qisası çox çəkmədi və düşmən qanlı əməlinin bədəlini çox ağır ödədi. Artıq bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı XİN və Baş prokurorluğun rəsmi nümayəndələri ilə birlikdə keçirdiyi xüsusi brifinqdə də bu barədə fikirlərini açıqlayıb. Dərgahlı deyib ki, Ermənistan ordusunun son hücumu birbaşa mülki şəxslərə qarşı yönəlmişdi. "Azərbaycan ordusu dərhal cavab zərbələri endirib. Düşmən itki verib, hərçənd bunu gizlədir"-Dərgahlı jurnalistlərə bildirib.
Verilən digər rəsmi məlumatda isə bildirilir ki, hadisə yerinin müayinəsi zamanı müəyyən olunub ki, Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndinə tank əleyhinə mərmilərdən atəş açıb. Qeyd edək ki, Müdafiə Nazirliyinin, XİN-in rəsmi nümayəndələri ilə birlikdə keçirdiyi brifinqdə Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bu barədə deyib. "Artıq Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılıb"-deyə Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri bildirib.
Düşməni qorxudan daha bir faktor – ABŞ-da və Fransada yeni seçilmiş prezidentlər hələ ki, regional siyasətlərini müəyyənləşdirməyiblər
Yeri gəlmişkən, artıq Ermənistan mətbuatı ölkədə yeni və düşmən üçün daha ağır nəticələr verə biləcək müharibə xofunda olduğunu gizlədə bilmir. SİA-nın apardığı araşdırmalardan sonra bəlli olub işğalçı ölkənin aparıcı media qurumlarından olan "1in.am" saytının analitik bölməsində "Bütün bunların baş verməsi nəticəsində yeni müharibə baş verəcək" başlıqlı yazı yazılıb və həmin yazıda ən azından lokal müharibənin davam edəcəyi barədə fikirlər yer alıb.
Erməniləri qorxudan daha bir faktorlardan biri də uzun illərdir bel bağladıqları və ATƏT-in Minsk qrupunun üzvü olan iki ölkəsinin – ABŞ və Fransanın bu məsələdə konkret fikir bildirməmələridir. Daha dəqiq desək, düşməni qorxudan və təlaşlandıran fakt budur ki, hər iki ölkədə prezident seçkiləri yeni başa çatıb və yeni dövlət başçılarının regional siyasətləri dəqiqləşdirilməyib. Məhz buna görə, Azərbaycan tərəfi Ermənistana və separatçı rejimin silahlı qüvvələrinə qarşı davamlı hərbi əməliyyatlara start verəcəyi təqdirdə rəsmi Vaşinqton və rəsmi Paris ATƏT-in Minsk qrupunun üzv ölkələri kimi yekun rəy verməkdə çətinlik çəkəcəklər.
Rusiyadan da əlləri üzülüb...
Məsələn, "hətta demək olar ki, münaqişənin nizamlanması prosesində diplomatik vakkumun yaranmasını təsdiqləmək olar"-deyə yazan erməni saytı ATƏT-in Minsk qrupu olan üçüncü dövlət – Rusiyadan da əllərini üzdüklərini etiraf edib.
Əlbəttə ki, düşməni qorxudan və müharibə təlaşında saxlayan amillərdən biri də Rusiyanın fəal şəkildə Azərbaycana silah satması məsələsidir. "Bu, müharibənin başlanması üçün kart-blanşdır və əbəs yerə deyil ki, rusiyalı ekspertlər də geniş miqyaslı müharibənin başlaya bilməsi perspektivlərini proqnoz edirlər"-deyə erməni media qurumu yazır və qeyd edir ki, problem yalnız onun nə vaxt başlayacağı tarixidir.
Azərbaycan Ordusunun ardıcıl olaraq və on qat ağır zərbələr vurması növbəti dəfə reallığa çevrilib
Digər erməni media qurumu – "Lragir.am" "Növbəti qığılcım, yoxsa müharibənin bərpası?" adlı analitik yazı verərək, sonluğunda Rusiyanı ittiham hədəfi kimi seçib. Erməni müəllif belə bir sual qoyub ki, "Rusiya Türkiyə və Azərbaycanla arasında olan problemləri həll etmək üçün yeni müharibənin başlanmasında maraqlı ola bilərmi?".
Müəllif xüsusi olaraq Rusiyanın Azərbaycana müdafiə xarakterli silah partiyası satdığını xatırladaraq, Ermənistanın çətin vəziyyətdə qaldığını etiraf etmək məcburiyyətində qalıb.
Beləliklə, fakt ortadadır və bu faktın özəyində bir qorxunun və təlaşın olması sübuta yetirilib. Bütün hallarda, ermənilərin qanlı təxribatlarına Azərbaycan Ordusunun ardıcıl olaraq və on qat ağır zərbələr vurması növbəti dəfə reallığa çevrilib, düşmən bundan vahimədədir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB