Azərbaycanda 15-49 yaşlı kişilərin 49%-i tütünçəkmə ilə məşğuldur. SİA-nın məlumatına görə, tütün həm çəkənin özünün, həm də ətrafda olan insanların sağlamlığına güclü zərbə vurur. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən dünyada tütündən istifadə səbəbindən hər il təxminən 5.4 milyon insan dünyasını dəyişir. Artıq Azərbaycanda da tütünçəkmə həm tibbi, həm də ictimai problemə çevrilib.
Azərbaycan cəmiyyətinin tütünçəkmə problemi ilə mübarizə aparmağa hazırlığı ictimai rəy ilə, eləcə də dövlətin apardığı işlərlə təsdiqlənib. Sorğulara əsasən Azərbaycanda qadınların 97-i, kişilərin isə 89%-i tütünçəkmənin "çox zərərli" olduğunu hesab edirlər . Azərbaycan Respublikasının Milli Məclisində isə 2008-ci ildə "Siqaretçəkmənin məhdudlaşdırılması haqqında" Qanun layihəsi hazırlanıb. Bunları nəzərə alaraq, 2009-cu ilin oktyabr ayında "Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması" layihəsinə start verilib. Layihə çərçivəsində Tütünlə Mübarizə üzrə II Milli Konfrans keçiriləcək.
Konfransda layihə çərçivəsində hazırlanmış "Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiya" ictimaiyyətə təqdim olunacaqdır. Həmin Konfrans sentyabr ayının 20-də "Hyatt Regency" mehmanxanasının "Bakı" zalında olacaq.
Bu konfransda Milli Məclisin, Səhiyyə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Ümumdünya Səhiyyə Təşkilatının, qeyri-hökumət təşkilatların və başqa qurumların nümayəndələri iştirak edəcək.
"Azərbaycanda Milli Tütünçəkmə ilə Mübarizə Strategiyasının Hazırlanması" layihəsi Azərbaycanda Tütünçəkmənin Azaldılması üçün Blümberq Təşəbbüsünün dəstəyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası və ABŞ-ın Cons Hopkins Universitetinin Blümberq İctimai Səhiyyə Məktəbinin Kommunikasiya Proqramları Mərkəzi tərəfindən həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB