“Xocalıda soyqırımı törədən cinayətkarlardan yaxşı heç nə gözləmək mümkün deyil. Ötən gün baş verənlər göstərdi ki, düşmən ölkənin rəhbəri Serj Sarkisyan başda olmaqla bütün Ermənistan rejimi uşaq qatilidir və bu insanlar beynəlxalq hərbi tribunal qarşısında dayanmalıdırlar”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Siyasi şərhçinin qənaətinə görə, ötən gün körpəyə atılan güllə Azərbaycan xalqına növbəti mesajını verdi ki, Ermənistanın və bütövlükdə işğalçı rejimin, işğalçı qüvvələrin sülh və əmin-amanlıq şəraitində yaşamaq niyyəti yoxdur:
“Onlar Azərbaycan xalqının qanına susuyublar və özlərinin etnik təmizləmə siyasətini davam etdirmək niyyətindədirlər. Hesab edirəm ki, bunun qarşılığı mütləq veriləcək. Təbii ki Azərbaycan əsgəri dinc sakinlərə güllə atmayacaq, lakin əminəm ki, 2 yaşlı körpənin qanı yerdə qalmayacaq və Ermənistanın işğalçı rejiminin buna cavab verəcək”.
E. Mirzəbəyli qeyd edib ki, təkcə ötəngünkü hadisə deyil, bütövlükdə işğal faktına dünya birliyinin, beynəlxalq ictimaiyyətin o cümlədən də Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsi ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun reaksiyası qaneedici deyil: “Yenə də ortalıqda riyakar münasibət var. Düşünürəm ki, bütövlükdə günahsız bir şəxsin qətlə yetirilməsi, böyük bir faciədir. O cümlədən körpələrin, dinc sakinlərin öldürülməsi insanlığa, bəşəri dəyərlərə zidd olan faciədir. Ermənistanın bu davranışları qınanmalı, onlara qarşı konkret addımlar atılmalıdır. Bütün bu problemlərin həllinin yolu isə işğala son qoyulmasından gedir. Əgər beynəlxalq ictimaiyyət digər ölkələr və digər faktlarla bağlı hər hansı addım atmaqdan çəkinəcəksə, o zaman Azərbaycan ordusu öz sözünü deyəcək”.
Qeyd edək ki, ötən gün erməni silahlı bölmələri Füzuli rayonunun Alxanlı kəndini atəşə tutub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB