Qazaxıstan Respublikası Parlament Məclisinin ev sahibliyində TürkPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının üçüncü iclası Astanada baş tutub. Türkdilli Ölkələrin Parlament Assambleyasının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, üçüncü iclasın gündəliyinin əsas maddəsi “Üzv ölkələrdə alternativ enerji mənbələrinin inkişafı” olub. İclas bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı EXPO-2017 Astana Beynəlxalq İxtisaslaşdırılmış Sərgisinə həsr olunub. İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan parlamentarilər, müvafiq nazirliklərin, eləcə də Türk əməkdaşlıq qurumlarının nümayəndələri iclasda iştirak edib.
İclasa TürkPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının və Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri cənab Əhliman Əmiraslanov sədrlik edib. Açılış nitqində Əhliman Əmiraslanov EXPO-2017 Beynəlxalq İxtisaslaşdırılmış Sərgisinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, belə mühüm bir tədbirin Astanada keçirilməsi Qazaxıstan Respublikasının inkişafında qazandığı uğurları işıqlandırıb. Sədr bildirib ki, ümumilikdə, TürkPA üzv dövlətləri belə bir tədbirin Qazaxıstanda keçirilməsindən fəxr duyur. TürkPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının sədr müavini və Türkiyə Böyük Millət Məclisinin millət vəkili cənab Feyzullah Kıyıklık iclasın əsas hesabat məruzəsini təqdim edib. O, enerjinin bütün dünya üçün mühüm və həssas məsələ olduğunu qeyd edib. İlk olaraq, o, enerji ehtiyatlarının müxtəlifliyi barədə məlumat verib, daha sonra alternativ enerji sahəsində Türkiyənin imkanları haqqında danışıb. Məsələn, Türkiyənin geotermal enerji avadanlığı üzrə dünyada yeddinci, Avropada isə ilk sırada olduğu qeyd olunub. Qazaxıstan Respublikası Parlament Məclisinin millət vəkili cənab Serik Seydumanov EXPO-2017 və sərgi çərçivəsində keçirilən qlobal miqyaslı müxtəlif tədbirlər haqqında geniş məlumat verib. Həmçinin parlamentarilər gündəliyin əsas maddəsi ilə bağlı bütün TürkPA üzv ölkələrinin potensial və imkanlarını müzakirə etmiş və arzuolunmaz nəticələrdən yan keçilməsi məqsədilə bütün bu məsələlərin nəzarət altında həyata keçirilməsinin lazım olduğunu vurğulayıb. Komissiya TürkPA-nın 7-ci Plenar İclasına təqdim olunması üçün mövzu ilə bağlı hesabat məruzəsi və tövsiyə qərarını təsdiq edib. Komissiyanın növbəti dördüncü iclasının Qırğızıstan Respublikasında keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB