"Siz xoşbəxtsiniz ki, zəngin təbii sərvətlərə və əhalisi gənc olan insan kapitalına sahibsiniz"
Sentyabrın 14-də Milli Məclisdə Uşaq Hüquqları üzrə işçi qrupun üzvləri ölkəmizdə səfərdə olan Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqa ilə görüş keçiriblər.
SİA-nın məlumatına görə, Milli Məclisin deputatı, respublika Uşaq Təşkilatının sədri Gülər Əhmədova qonağa Milli Məclisin qanunvericilik bazası, yuvenal ədliyyə, uşaq hüquqlarının qorunması istiqamətində qəbul edilən sənədlər və həyata keçirilən dövlət proqramları barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycan parlamenti ilə AŞPA arasında Uşaq hüquqları üzrə işçi qrupun rəhbəri ölkənin birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevadır. Gülər Əhmədova işçi qrupun fəaliyyətindən və uşaqların təhsil və sağlamlıq hüquqlarının inkişafı sahəsində görülən işlərdən danışıb.
Çıxış edən digər deputatlar Qənirə Paşayeva və Asəf Hacıyev Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, problemin yaratdığı fəsadlardan, qaçqınlıq həyatı yaşayan uşaqların problemlərindən söz açıblar.
Qonaqpərvərlik üçün minnətdarlığını bildirən Vayra Vike-Freyberqa qeyd edib ki, Azərbaycana ilk səfərindən ötən 5 il ərzində burada çox şey dəyişib. Bakı tanınmaz dərəcədə gözəlləşib. Qeyd olunub ki, bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən azsaylı ölkələrdəndir. O, deyib: "Dünyada baş verən maliyyə böhranından mənim ölkəm çox əziyyət çəkdi. Belə bir şəraitdə Azərbaycanın sürətli inkişaf tempini qoruyub saxlaması və daha da irəliləməsi sevindirici haldlır. Siz xoşbəxtsiniz ki, zəngin təbii sərvətlərə və əhalisi gənc olan insan kapitalına sahibsiniz." Qonaq Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanacağına ümidvar olduğunu diqqətə çatdırıb.
Görüşdə deputatlar Rövşən Rzayev, Əhməd Vəliyev, Latviyanın Azərbaycandakı səfiri Hardijs Baumanis və digər rəsmi şəxslər iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə