AXCP-GAP qarşıdurmasına start verilib

AXCP-GAP qarşıdurmasına start verilib

Yaxud, 15 gənc Əli Kərimlinin təsirindən çıxaraq, Rəsul Quliyevin təsiri altına necə düşdü?

Son zamanlar ənənəvi müxalifət daxilində baş verən hadisələrdə müəyyən durğunluqlar yaşansa da, ara-sıra qarşılıqlı ittihamlar və didişmələr gündəmə çıxmaqda davam edir. Belə ki, bu dəfə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin etibar etdiyi 15 nəfər gənc ani şəkildə istefa verərək, Rəsul Quliyevin lideri, Ağasif Şakiroğlunun isə sədri olduğu Gələcək Azərbaycan Partiyasına (GAP) qoşulduqlarını bəyan ediblər. Buna səbəb isə AXCP sədrinin partiya daxilində saxladığı avtoritar mühit və üzvlərinə göstərdiyi etinasızlıqdır.

İstefa verənlər sonradan Əli Kərimliyə qarşı təbliğat aparmağın vacibliyi barədə çağırışlar ediblər

Onu da qeyd edək ki, istefa verən hər bir gənc social şəbəkədə paylaşdıqları statuslarında AXCP-ni tərk etmələrinin səbəblərini açıq şəkildə göstərməklə yanaşı, digər cəbhəçi fəalları da onlara qoşulmalarına səsləyərək, düşərgədə əsas olaraq məhz Ə.Kərimliyə qarşı mübarzə aparmağın vacibliyi ətrafında təbliğat aparıblar.

Buna misal kimi, ilk istefa verən cəbhəçi – partiyanın Nərimanov rayon şöbəsinin fəalı Aslan Həmidlinin fikirlərini göstərmək olar. “Bu gündən etibarən AXCP -dən çıxıram”-deyə fikirlərini “facebook”da yazan A.Həmidli daha sonra qeyd edib ki, partiya ilə əlaqələrini sonlandırır. “Mübarizəmi Gələcək Azərbaycan Partiyasında davam etdirəcəm”-deyə yazan Həmidilinin ardınca, artıq Ə.Kərimlinin partiyasına üzv olmaq üçün əərizə ilə müraciət edən daha iki gənc - Məhəbbət Məmmədzadə və Arzuman Nəbiyev də dərhal öz müraciətlərini geri

götürərək, R.Quliyevin lideri olduğu GAP-a üzvlük üçün müraciət ediblər. Maraqlısı da budur ki, onların müraciətlərinə dərhal baxılıb və hər ikisi GAP sıralarına qəbul olunublar. Onu da qeyd edək ki, AXCP-nin Bunəqədi şöbəsinin üzvü Adəm İbrahim də eynilə addım ataraq, GAP-a qoşulduğunu bildirib.

Daha bir səbəb Elçibəyin adı ilə bağlıdır

Lakin maraqlı məqamlardan daha biri bilavasitə Ə.Kərimlinin AXCP-nin yaradıcısı, mərhum Əbülfəz Elçibəyin adı ilə bağlıdır. Çünki kimsəyə sirr deyil ki, məhz Ə.Kərimli başda olmaqla, bu gün onun ətrafında olan müavinləri, eləcə də digər funksionerlər özlərini “kərimovçu” kimi deyil, “elçibəyçi” kimi təqdim edirlər. Bu amil isə Elçibəyə hələ sağlığı dönəmlərində antipatiya hissləri göstərən, ona qarşı ən alçaq münasibətlərdə bulunan Ə.Kərimlinin xoşuna getməyib. Ona görə də partiyadaxili avtoritar üsul-idarəçilik, o cümlədən, Kərimlinin şəxsi mövqeyinə əks olaraq istefa verən gənclərin sosial şəbəkədəki stefa statuslarının altındakı şərhlərdən aydın olur ki, onlar AXCP-ni tərk etmələrinə səbəb kimi ən çox partiyada “elçibəyçi” gənclərin sıxışdırılmasını vurğulayırlar.

GAP sədri Ağasif Şakiroğlunun əminliklə danışması arxasında Rəsul Quliyevin pul kisəsi dayana bilərmi?

Yeri gəlmişkən, GAP sədri A.Şakiroğlunun sədri olduğu partiyanın birdən-birə bu qədər “siyasi populyarlıq” tapması da ilginc məsələ kimi qabardılmaqdadır. Çünki GAP-ın maliyyə mənbəsinin məhz R.Quliyev olması kimsəyə sirr deyil. O da sirr deyil ki, AXCP-dən istefa verən gənclər GAP-da Elçibəy ideologiyasının davam etdirilməməsini gözəl bilrlər. Sadəcə, getmələri, yəni Ə.Kərimlidən canlarını qurtarmaları üçün bir bəhanə lazım idi və bu məsələdə maliyyə faktoru da özünü göstərib. Necə deyərlər, R.Quliyev pul kisəsinin ağzını açıb. Əbəs yerə deyil ki,

GAP sədri mətbuata açıqlamasında son zamanlar cəbhəçi gənclərin rəhbərlik etdiyi quruma üzv üçün müraciətlərinin sayının çoxaldığını qeyd edərək, digər müxalifət partiyalarından da bu tipli istefaların davamlı olacağını əminliklə vurğulayıb.

Nəticədə biz yaxın zamanlarda düşərgədə ciddi qarşıdurmanın şahidi olmaq ərəfəsindəyik desək, heç də yanılmarıq. Xüsusilə, AXCP-GAP qarşıdurması birincinin sədri Ə.Kərimliyə 2018-ci il prezident seçkiləri ərəfəsində ciddi, hətta qurşaqaltı zərbə, daha dəqiqi isə, Rəsul Quliyevin Əli Kərimliyə qarşı revanşı kimi də qiymətləndirilə bilər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə