Politoloq: “Azərbaycanla bağlı belə bir sənəd qəbul edilməyib” MÜNASİBƏT

Politoloq: “Azərbaycanla bağlı belə bir sənəd qəbul edilməyib” MÜNASİBƏT

“İyunun 13 –ü Avropa İttifaqının Xarici Siyasət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Lyuk Devinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesinin növbəti raundu çərçivəsində Azərbaycanda səfərdə olub. Tərəflər arasında 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (1999-cu ildə qüvvəyə minmişdir) siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə edir. Yeni saziş 1996 – cı ildən qüvvədə olan Tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişi əvəzləməlidir. Azərbaycanın təqdim etdiyi sazişdə maraqların qarşılıqlı şəkildə əhatə olunmasından gedir ki, bu da hazırda qüvvədə olan sazişdən fərqlidir”. Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, 2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə, onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilib: “2015-ci ilin may ayında Şərq Tərəfdaşlığı üzrə Riqa Zirvə toplantısı zamanı Azərbaycan Aİ ilə ikitərəfli münasibətlərin hüquqi çərçivəsini yeniləyəcək Strateji Tərəfdaşlıq haqqında Saziş layihəsini Aİ-yə təqdim edib. Bu bir ilk idi. Azərbaycan hökuməti ona qarşı İttifaq tərəfindən bəzi hallarda ikili standartları görərək ikitərəfli münasibətləri daha şəffaflaşdırmaq və dəqiqləşdirmək qərarı aldı.

Şərq Tərəşdaşlıq proqramına gəldikdə isə, bu proqram artıq bir müddətdir ki, öz aktuallığını itirib. Rəsmi Bakı vaxtında çox çevik tərpənərək Avropanın ölkəmiz qarşısında istəklərini Ukrayna və Gürcüstan kimi dövlətlərdən fərqli olaraq qəbul etmədi. Şərq Tərəfdaşlıq Proqramı ideyası ilk dəfə 2008- ci ildə Polşa və İsveç tərəfindən irəli sürülüb. Məqsəd Rusiya və Avropa kəsişməsində olan postsovet ölkələrini öz orbitrlarına çəkmək, Rusiyadan uzaqlaşdırmaq idi.

Burada, 2015- ci ildəki Riqa samitti üzərində bir qədər dayanmaq yerinə düşərdi. Belə ki, həmin sammitdə münaqişədən əziyyət çəkən 4 ölkə ilə bağlı sənəd müzakirə edildi. Ancaq bu münaqişələr ilə bağlı eyni, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində isə, fərqli mövqe ortaya qoyuldu. Əslində isə, münaqişələrə yanaşma eyni olmalıdır. Necə olur ki, onlar Ukraynaya,Gürcüstana açıq – aşkar dəstək verirlər, amma Azərbaycanla bağlı məsələdə birmənalı fikir ortaya qoymurlar.

Digər bir məsələ işğal olunmuş ərazilərə səfərlər və ticari əməkdaşlıq ilə bağlıdır. Məsələn, Ukrayna məsələsində Krıma qeyri-qanuni səfərlərin edilməməsi, yarımada ilə ticari əlaqələrinin aparılmasına qadağa qoyulması ilə bağlı sənəd qəbul edildi. 1994-cü ildən bu yana isə, Azərbaycanla bağlı belə bir sənəd qəbul edilməyib.

Həftənin əvvəli Aİ və Azərbaycan arasında danışıqların növbəti raundunda - iki blok üzrə - siyasi-təhlükəsizlik və ticarət bloku üzrə müzakirələr aparılıb. Bu ilin noyabrında keçiriləcək ”Şərq tərəfdaşlığı" sammiti öncəsi danışıqlarda mühüm nəticələrə gəlmək hər iki tərəf üçün vacibdir. Yeni saziş Aİ ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində mühüm addım olacaq. Azərbaycanla Avropa İttifaqı arasında uzun illərdir müxtəlif sahələrdə tərəfdaşlıq əlaqələri qurulmusdur, iki subyekt arasında əməkdaşlığın əsas istiqamətləri müəyyənləşib.

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar müxtəlif sahələrdə, xüsusən siyasi ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur.

Yeni saziş Azərbaycanın qeyri neft məhsullarının İttifaqının bazarlarına çıxışının yüngüləşdirilməsinin məqsədiylə Avropa standartlarına uyğunlaşdırılmasını da nəzərdə tutur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə