"Bu, Şuşaya doğru getməyə hazırlaşdığımıza bir mesajdır" AÇIQLAMA

"Bu, Şuşaya doğru getməyə hazırlaşdığımıza bir mesajdır" AÇIQLAMA

“Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri zamanı etdiyi çıxışlarla həm xalqımıza, həm də beynəlxalq ictimaiyyətə, bizi istəyənlərə və istəməyənlərə bir daha bəyan etdi ki, Azərbaycan bir qarış belə torpağının işğal altında olması ilə razılaşmayacaq və buna yol verməyəcək”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Elman Məmmədov deyib.

"Ölkə başçısı Cocuq Mərcanlıda çıxışında işğalçıların da bir daha diqqətinə çatdırdı ki, bütün torpaqlarımız Cocuq Mərcanlı kimi işğaldan azad ediləcək və azad olunan torpaqlarımızda yüksək səviyyədə quruculuq işləri aparılacaq, əhalimiz yurd-yuvalarına qayıdacaq və Azərbaycan bayrağı həmin torpaqlarda dalğalanacaq. Ümumiyyətlə, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən indiyədək nə tapşırıq veribsə, bütün tapşırıqlar yerinə yetirilib. Cocuq Mərcanlının bərpası və orada yaşayışın təmin olunması bunun bir daha təsdiqi oldu”- deyə, deputat bildirib.

E. Məmmədov qeyd edib ki, Cocuq Mərcanlıda Şuşanın Gövhərağa məscidinin eynisinin tikilməsi Şuşaya doğru getməyə hazırlaşdığımıza bir mesajdır: “Cocuq Mərcanlıların sayı gündən-günə artacaq. Biz problemin sülh və danışıqlar yolu ilə həll olunmasına çalışırıq. Lakin düşmənin beynəlxalq hüquq normalarını pozması, eləcə də onları müdafiə edənlərin ermənipərəst mövqeyi bizi başqa vasitələrə əl atmağa məcbur edir. Vəziyyət belə davam etsə, sonda Azərbaycan əsgəri öz sözünü deyəcək. Azərbaycan Prezidenti Cocuq Mərcanlıda bir daha xalqımızı əmin etdi ki, biz doğma torpaqlarımızı işğaldan azad edəcəyik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə