Lənkəranda selin fəsadları aradan qaldırılır

Lənkəranda selin fəsadları aradan qaldırılır

Bir neçə gün öncə cənub bölgəsinə yağan güclü yağışlar nəticəsində Lənkəran rayonunda əhalinin şəxsi təsərrüfatlarına, sosial obyektlərə xeyli ziyan dəyib. Lənkəran şəhər İcra Hakimiyyətindən SİA-nın cənub bürosuna verilən məlumata görə, sel nəticəsində Lənkəranın V. Kərimov, Cavanşir, Vidadi küçələrində, o cümlədən rayonun Sütəmurdov, Yuxarı Nüvədi, Rvo kəndlərindəki onlarla evin həyəti lil qatı ilə örtülüb, əhalinin əmlakına ciddi ziyan dəyib. Mal-qara və ev quşları tələf olub.

Sel sularından ən çox ziyan rayonunun elektrik təsərrüfatına dəyib. Lənkəran Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin direktoru Şamid Əliyevin bildirdiyinə görə, rayonda 4 yüksək gərginlikli elektrik dayağı aşıb, rayonun bütün 10 kilovatlıq elektrik xətləri zədələnib. Bu səbəbdən rayonun yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hal-hazırda rayon Fövqəladə Hallar Komissiyası sel nəticəsində rayona dəyən ziyanın miqyasını müəyyənləşdirir. O cümlədən təmir-bərpa briqadaları daşqının fəsadlarını aradan qaldırmaq istiqamətində tədbirlər görür. Lənkəran Gigiyena və Epidemiologiya Mərkəzinin işçiləri sel basmış evlərdə dezinfeksiya işləri aparırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə