Bulat Sultanov: “Xəzər dənizinin problemi yalnız bu bölgənin dövlətləri tərəfindən həll olunmalıdır” - AÇIQLAMA
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) "Azərbaycan-Qazaxıstan: ikitərəfli münasibətlər və qarşılıqlı regional əlaqələr" mövzusunda dəyirmi masa təşkil olunub. SİA-nın xəbərinə görə, Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Bulat Sultanov SAM-la birgə layihəsi əsasında təşkil olunan "Azərbaycan-Qazaxıstan: ikitərəfli münasibətlər və qarşılıqlı regional əlaqələr" mövzusunda dəyirmi masada əsas məruzəçi qismində çıxış edib. Regionda mövcud olan problemlər və iki dövlət arasında maraq doğuran məsələlər barəsində danışan B.Sultanov qeyd edib ki, 2001-ci ildə baş verən məlum hadisələrdən sonra Xəzər regionuna olan baxış dəyişməyə başlayıb: "Bizim hədəfimiz mövcud olan problemləri həll etmək yox, bu problemlərin inkişaf tempini izləmək və iki türk dövləti olaraq ortaq nəticə çıxarmaqdan ibarətdir. Hazırda dünyanın bir çox dövlətləri Xəzər regionunda tranzit yolları üzərindən nəzarəti ələ keçirmək üçün mübarizə aparır. Bu əraziyə xüsusi diqqət yetirən ölkələr arasında Amerika Birləşmiş Ştatları, Koreya Xalq Demokratirk Respublikası və Türkiyə xüsusilə seçilir".
Qazaxıstanla Azərbaycanın beynəlxalq aləmdə baş verən hadisələrə siyasi baxışının eynilik təşkil etdiyini bildirən B.Soltanov Dağlıq Qarabağ münaqişəsinə də öz münasibətini bildirib. Onun sözlərinə görə, münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur və münaqişələr güc yolu ilə yox, beynəlxalq hüquq əsasında həll edilməlidir: "Qazaxıstan ATƏT-in sədri kimi "dondurulmuş münaqişələr"in sülh, danışıqlar və qarşılıqlı kompromislər yolu ilə həlli üçün əlindən gələni edəcək. Sülh yolunun alternativi yoxdur. Biz iki il əvvəl bu cür problemlərin başqa yolla həllinə cəhd edilməsini gördük və bunu hansı nəticələrə səbəb olduğu ortadadır. İlk növbədə Dağlıq Qarabağı tərk etmək məcburiyyətində qalmış məcburi köçkünlərin məsələsi həll olunmalıdır. İkincisi, biz 1991-ci ilə qədər mövcud olmuş ərazi sərhədlərinə qayıtmalıyıq. Yəni, Helsinki Aktında əksini tapmış sərhədlərin bölünməzliyi prinsipini nəzərdə tuturam".
B.Soltanov onu da əlavə edib ki, Azərbaycana səfəri çərçivəsində ikitərəfli əməkdaşlıq və Xəzəryanı ölkələrin əməkdaşlığına dair illik konfransın keçirilməsi qərara alınıb: "Xəzər dənizinin problemi yalnız bu bölgənin dövlətləri tərəfindən həll olunmalıdır. Sirr deyil ki, hazırda bu problemdən hansısa şəkildə divident əldə etmək istəyən çoxlu regional və qlobal oyunçular peyda olub. Məsələn, Türkiyə və ya Çin. Ermənistan və Gürcüstanın bu işin içində olması daha ekzotikdir".
Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi həcminin aşağı düşməsindən narahatlığını bildirən B.Sultanov 2001-ci ildə ticarət dövriyyəsinin 80 milyon dollar təşkil etdiyini, 2008-ci ildə bu rəqəmin 456 milyon dollara çatdığını, lakin ötən il 236 milyon dollar həddinə düşdüyünü xatırladıb: "Lakin bu ilin ilk yarısında qeyd olunan göstəricinin 157 milyon dollar təşkil etməsi ümidvericidir. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün böyük potensial var".
Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov isə çıxışında Bakı-Tiflis-Ceyhan boru kəməri ilə ixrac olunan Qazaxıstan neftinin həcminin artırılacağını söyləyib. O, iki ölkə arasında ikitərəfli və beynəlxalq arenadakı əməkdaşlığı yüksək qiymətləndirib.
Xatırladaq ki, ilk belə dəyirmi masa 2008-ci il noyabr ayının 25-də Alma-Atıda keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB