Ölkəmizdə səfərdə olan BMT Baş katibinin xüsusi elçisi, Avropa İttifaqının uzunmüddətli inkişaf proqramının həmsədri, Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqa sentyabrın 12-də Təzəpir məscid kompleksində olub.
SİA-nın məlumatına görə, xanım Vayra Vike-Freyberqa Təzəpir məscidi ilə tanış olub.
Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib ki, Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsi hazırlanıb. Layihədə Təzəpir məscidinin ilkin görkəminə qaytarılması məqsədi ilə yenidən bərpası və əzəli memarlığına xələl gətirməyən elementlərin əlavə edilməsi öz əksini tapıb. Məscidin bərpasında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq oriyentalistikasının nadir nümunələrindən istifadə olunub.
Təzəpir məscidinin tamamlayıcı dekorativ elementlərinin üstü, minarələrin başı və kəmərbənd yazıları ən yüksək əyarlı qızıl lövhələrdəndir. Yuxarı hissədə "La İlahə-İlləllah" kəlməsi 6 dəfə təkrar olunmuş günbəzin tən ortasında Qurani-Kərimdən "Nas", dairələrdə "Ayətül-kürsü", kiçik gümbəzlərdə isə "Həmd" surələri həkk edilib.
Bildirilib ki, kompleksdə Bakı İslam Universitetinin tədris korpusu yerləşir. Korpusun hər mərtəbəsində 10 sinif otağı olmaqla, 250 tələbənin təhsil alması üçün hər cür şərait yaradılıb.
Latviyanın sabiq Prezidentinə 6 min ədəbiyyatın mühafizə edildiyi kitabxana haqqında da məlumat verilib.
Qonağa xatirə hədiyyələri təqdim olunub.
Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva, Latviyanın Azərbaycandakı səfiri Hardijs Baumanis iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB