Ombudsman Aparatında beynəlxalq hüquq müdafiə təşkilatları üzvləri ilə görüş olub
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında ölkəmizdə səfərdə olan beynəlxalq hüquq müdafiə təşkilatları üzvlərinin daxil olduğu nümayəndə heyəti ilə görüş keçirilib.
Aparatdan SİA-ya bildiriblər ki, nümayəndə heyətinin tərkibi Artikl XIX, Freedom House, Press Now, Ümumdünya Qəzetlər Assosiasiyası, Beynəlxalq Jurnalistlər Federasiyası, Açıq Cəmiyyət Fondu və digər beynəlxalq təşkilatların üzvlərindən ibarət olub.
Nümayəndə heyətinin rəhbəri Aqnes Kallamard görüşün məqsədinin ölkəmizdə jurnalistlərin hüquqlarının müdafiəsi, söz və ifadə azadlığının təmini vəziyyəti ilə tanışlıqdan ibarət olduğunu söyləyib.
Ombudsman Aparatının rəhbəri A.Səfixanlı təsisatın yarandığı ilk dövrdən nüfuzlu beynəlxalq təşkilatlarla insan hüquqlarının müdafiəsi sahəsində səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb. O, ölkəmizdə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) tətbiq olunduğunu, Ombudsman E.Süleymanovanın bu planın təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə hazırda respublikamızın rayonlarında ictimai dinləmələr keçirdiyini söyləyib. İnsan hüquq və azadlıqlarının, o cümlədən fikir və söz azadlığının müdafiəsinin və həyata keçirilməsinin ölkəmizin prioritet məsələlərindən olduğu, respublikamızda sosial-iqtisadi və hüquqi islahatlarla yanaşı, mətbuatın inkişafı, özünütənzimləməsi istiqamətində də köklü dəyişikliklərin aparıldığı, KİV-ə Dövlət Dəstəyi Fondunun yaradıldığı, mətbuat orqanlarına birdəfəlik maddi yardımların göstərildiyi vurğulanıb.
Qonaqlar Azərbaycanda jurnalistlərin vəziyyəti, media hüquqlarının müdafiəsi məsələləri ilə maraqlandıqlarını vurğulamış, jurnalist E.Fətullayevin və gənc bloggerlərin həbs olunmasından narahatlıqlarını ifadə ediblər. A.Səfixanlı media hüquqlarının müdafiəsinin, söz və ifadə azadlığının təmin olunmasının Müvəkkilin diqqətindən yayınmadığını, jurnalistlərə qarşı kobud rəftar hallarının nəzarətdə saxlandığını vurğulayıb. Ombudsmanın və əməkdaşlarının həbsdə olan jurnalistlərin hər biri ilə dəfələrlə görüşdüyü, onların vəziyyətinin, səhhətinin, onlara qarşı rəftarın diqqətdə saxlandığı bildirilib.
Qeyd olunub ki, şərəf, ləyaqət və işgüzar nüfuzun qorunması, o cümlədən fikir və söz azadlığına hörmət, sağlam və əsaslı tənqidə münasib şəraitin yaradılması, demokratik dəyərləri özündə cəm edən hər bir dövlətin ümdə vəzifələrindəndir və bu məsələlər Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapıb. Eyni zamanda təhqirə, reketçiliyə, böhtan xarakterli, yoxlanılmayan, qeyri-dəqiq məlumatların yayılmasının, peşə etikası və peşəkarlıq tələblərinə riayət edilməsinin vacibliyi diqqətə çatdırılmış və Müvəkkilin həmin məsələlərin müvafiq qanunlarla daha dəqiq tənzimlənməsini zəruri hesab etdiyi bildirilib.
Ombudsman Aparatının şöbə müdiri V.Məhərrəmov törətdikləri əmələ və müvafiq qanunvericiliyə uyğun, habelə hüquq pozuntusuna yol vermiş KİV nümayəndələrinin tənbeh olunması üzrə dünya təcrübəsində mövcud olan alternativ üsullar və məhkum jurnalistlərin əfvi ilə bağlı Müvəkkilin təkliflər verdiyini, səlahiyyətli orqanlara müraciət etdiyini diqqətə çatdırıb.
Qeyd edilib ki, Ombudsmanın vəsatətləri üzrə bu günədək ümumilikdə 319 məhkum əfv edilərək azadlığa buraxılmış, ailəsinə və cəmiyyətə qovuşub. Bir neçə jurnalist də əfv olunmuş və ya amnistiya aktı ilə azadlığa buraxılıb. Aparatın mətbuat xidmətinin rəhbəri Z.Məhərrəmli bu günədək Ombudsmanın insan hüquqları sahəsində fəaliyyəti barədə dövri mətbuatda 7500-dək informasiya və məqalənin dərc olunduğunu, 2150-dək press- relizin hazırlanaraq yayımlandığını, eyni zamanda, ingilis dilinə çevrilərək Avropa Şurasına göndərildiyini, KİV nümayəndələri üçün müxtəlif vaxtlarda insan hüquqları sahəsində maarifləndirmə tədbirlərinin, o cümlədən "Hüquqlar – hamı üçün" adlı jurnalist yazıları üzrə ənənəvi müsabiqələrin keçirildiyini bildirib. Qonaqların çoxsaylı sualları cavablandırılıb. Onlar səmimi qəbul və faydalı fikir mübadiləsinə görə təşəkkürlərini bildiriblər.
Qeyd olunmalıdır ki, ölkəmizdə səfərdə olan adı çəkilən beynəlxalq hüquq müdafiə təşkilatları üzvlərinin keçirdiyi yekun tədbirində də Ombudsman Aparatının əməkdaşı iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB