Deputat: "Trampın məktubu yeni administrasiyanın Azərbaycanla münasibətlərə önəm verdiyini göstərir" MÖVQE

Deputat: "Trampın məktubu yeni administrasiyanın Azərbaycanla münasibətlərə önəm verdiyini göstərir" MÖVQE

“ABŞ-ın yeni Prezidenti Donald Trampın XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktub yeni administrasiyanın Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini göstərir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

ABŞ-ın əvvəlki prezidenti Barak Obamanın Azərbaycanla münasibətlərdə ikitərəfli maraqların qorunub saxlanması məsələsinə diqqət etmədiyini deyən deputat söyləyib ki, sabiq prezident Azərbaycanın daxili işlərinə qarışacaq bəyanatlar verməklə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həllində də lazımi maraq göstərmirdi: “Ancaq Donald Trampın məktubunda onun digər ölkələrin daxili işlərinə qarışmayacağı barədə verdiyi bəyanat Azərbaycanla yanaşı, bütün dünya üçün əhəmiyyətlidir. Çünki, dünyada baş verən problemlər məhz digər ölkələrin daxili işlərinə qarışmaq istəyindən baş verir”.

A. Mirzəzadə qeyd edib ki, ABŞ prezidentinin məktubunda Azərbaycanda aparılan islahatlara yüksək qiymət verilməsi, ölkəmizin qazandığı uğurlara diqqət yetirilməsi də ABŞ-ın Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini göstərir: “ABŞ prezidentinin Azərbaycanla bir çox sahələrdə o cümlədən terrorla mübarizədə əməkdaşlıq etmək istəyini bildirməsi çox vacib məqamdır. Azərbaycan Ermənistandan başqa bütün digər dövlətlərlə ikitərəfli əməkdaşlığa yüksək önəm verir və bu istiqamətdə işlər aparır. ABŞ Azərbaycan üçün önəmli tərəfdaş, çox vacib bir strateji müttəfiqdir. ABŞ-la bütün sahələrdə əməkdaşlıq etmək Azərbaycan üçün böyük şərəfdir. Hesab edirəm ki, D. Trampın məktubu Azərbaycan-ABŞ münasibətlərində tamamilə yeni səhifə açacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə