“Demokratiya” Seçki Blokunun 100 namizədi olacaq

“Demokratiya” Seçki Blokunun 100 namizədi olacaq

"Demokratiya" Seçki Blokunun 5 nəfərdən ibarət İşçi Qrupu blokun qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına veriləcək sənədlərin hazırlanması ilə məşğuldur. SİA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurasının üzvü Samir Əsədli namizədlərin əksəriyyətinin razılaşdırıldığını və bir sıra xırda məsələlərin qaldığını bildirib: "Hər iki partiyanın hüquqşünasları tərəfindən sənədlər yoxlanılır. Bu gün və ya sabah sözügedən sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi nəzərdə tutulur. Razılaşdırılmayan dairələrdə razılıq da bu gün və ya sabah əldə olunacaq. Blok tərəfindən 100 namizəd irəli sürüləcək".

 

İrəli sürüləcək namizədlərin partiyalar arasında bölünməsinə gəlincə, S.Əsədli bərabərlik prinsipindən istifadə olunmadığını bildirib: "Namizədlər 50/50 nisbətində razılaşdırılmayıb. Partiyalararası razılaşmaya görə, daha şanslı namizədlər irəli sürüləcək. Həmin namizədlərin üzərində dayanırıq ki, onların qələbə şansı daha çox olsun. Bir-iki günə yekun siyahı açıqlanandan sonra hansı partiyanın neçə namizədinin olacağı ictimaiyyətə açıqlanacaq".

 

Qeyd edək ki, "Demokratiya" Seçki Blokunda VHP və Demokratik İslahatlar Partiyası təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə