“ARDNŞ yay məktəbi”nə sentyabrın 6-da yekun vurulacaq

“ARDNŞ yay məktəbi”nə sentyabrın 6-da yekun vurulacaq

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) maliyyə vəsaiti və dəstəyi ilə avqustun 29-dan başlamış "ARDNŞ yay məktəbi" davam edir. Tədbirdə 21 oğlan və 9 qız tələbə iştirak edir.

Şirkətin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, ötən günlərdə iştirakçilar enerji sektorunun bütün sahələrini əhatə edən mühazirələr dinləmiş, praktiki məşğələlər keçmiş, qurumun idarə və müəssisələrinə ekskursiyalar ediblər. ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev iştirakçılarla görüşmüş, onlara şirkətin gənclərlə bağlı təhsil proqramları barədə danışmış, "yay məktəbi" barədə tələbələrin təəssüratlarını dinləmiş, tövsiyələrini verib.

"Yay məktəbi" iştirakçılarının biliklərinin artırılması ilə yanaşı, onların asudə vaxtı da səmərəli təşkil olunub. Axşam saatlarında gənclər arasında müxtəlif əyləncəli-intellektual oyunlar keçirilir.

Tədbirin növbəti günləri neft-qaz emalı və neft-kimya sənayesinə, neft, qaz və neft məhsullarının satışı və iqtisadiyyatına, kadr hazırlığı və hüquqi aspektlərə həsr olunacaqdır. "ARDNŞ yay məktəbi" sentyabrın 6-dək davam edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə