Ombudsman sayca 40-cı ictimai dinləməsini İmişldə keçirib

Ombudsman Elmira Süleymanova Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə İmişli rayonunda növbəti 40-cı ictimai dinləmə keçirib.

Ombudsman Aparatından SİA-ya verilən məlumata görə, ictimai dinləmədə rayon icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatlarının, KİV-lərin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. İmişli rayon İcra hakimiyyətinin başçısı Əbülfəz Ağayev ölkə Prezidentinin qayğısı sayəsində respublikamızda, o cümlədən İmişlidə aparılan geniş abadlıq-quruculuq işləri barədə məlumat verib. O, insan hüquqlarının müdafiəsi və MFP-nin icrası sahəsində görülmüş işlərdən söz açıb.

Ombudsman E.Süleymanova ictimai dinləmənin əhəmiyyətini qeyd edərək, Azərbaycanda hər hansı ayrı-seçkiliyə yol vermədən insan hüquq və azadlıqlarının müdafiəsinin dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu diqqətə çatdırıb. O, qarşıdan gələn parlament seçkilərini nəzərə alaraq, seçki hüquqlarının prioritet məsələ olduğunu, Seçki Məcəlləsinə zəruri əlavə və dəyişikliklərin edildiyini, Prezident İlham Əliyevin bu sahədə müvafiq sərəncamlarının əhəmiyyətini və həmin sənədlərin təbliğinin zəruriliyini vurğulamış, əhalini seçkilərdə fəal iştirak etməyə çağırıb.

E.Süleymanova rayon icra hakimiyyətinin başçısı ilə birgə 79 saylı seçki dairəsi dairə seçki komissiyasında olmuş, görülmüş işlərlə maraqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...