Fazil Mustafa: “Rusiyanın Azərbaycana münasibətində köklü dəyişiklik müşahidə olunmur”-MÜNASİBƏT

"Rusiya prezidenti Azərbaycana səfəri ilə Azərbaycan ilə Ermənistan arasında balans yaratdığını demək istəsə də, ümumilikdə bu səfəri uğurlu hesab etmirəm". SİA-ya açıqlamasında bu sözləri millət vəkili, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana ikigünlük səfərinin nəticələrinə münasibət bildirərkən deyib.

 

Millət vəkilinin fikrincə, Rusiya prezidentinin Ermənistanla bağladığı hərbi müqavilənin Azərbaycanın əleyhinə olmaması ilə bağlı açıqlaması inandırıcı səslənmir. İki ölkə arasında müəyyən problemlərin də qaldığını söyləyən BQP sədri hesab edir ki, sərhədlərlə bağlı imzalanan müqavilə sadəcə hansısa sənədin imzalanması xatirinə atılan addımdır: "Hər halda bu səfər Rusiyanın səmimi münasibətini ortaya qoymadı. Rusiyanın Azərbaycana münasibətində köklü dəyişiklik müşahidə olunmur". Bununla belə ikitərəfli münasibətlərin inkişafının müsbət hal olduğunu söyləyən millət vəkili qeyd edib ki, Rusiya kimi bir dövlətlə münasibətlərin gərginləşməsi heç bir halda Azərbaycanın xeyrinə olmayan amildir.

 

Sentyabr ayının 9-da BMT Baş Assambleyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət"lə bağlı keçiriləcək müzakirələrdə Rusiyadan gözlənilən mövqeyə gəlincə, F.Mustafa qənaəti budur ki, rəsmi Moskva 2008-ci ildəki səsvermədə olduğu kimi yenə də qətnamənin əleyhinə səs verəcək: "Rusiyanın burada bir niyyəti var, Ermənistana üstünlük vermək, bu ölkənin maraqlarını təmin etmək. Heç şübhəsiz ki, Rusiya Azərbaycanın əleyhinə səs verəcək. Hesab edirəm ki, Minsk Qrupunun digər həmsədr ölkələri də eyni cür davranacaqlar".

 

Qətnamə layihəsinin ümumilikdə müsbət hal olduğunu, Azərbaycanın diplomatik fəaliyyətini gücləndirdiyini qeyd edən millət vəkili müzakirənin bütövlükdə situasiyada dəyişilik yaratmayacağını vurğulayıb. Dağlıq Qarabağ probleminin həlli üçün bundan sonra Azərbaycanın atmalı olduğu addımlara gəlincə, F.Mustafa hesab edir ki, ilk növbədə ordunun gücləndirilməsinə diqqət yetirilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə