“İslahat” Seçki Bloku 95-ə qədər seçki dairəsində razılığa gəlib

"İslahat" Seçki Bloku 95-ə qədər seçki dairəsində namizədləri müəyyənləşdirib. SİA-ya bu haqda məlumat verən blokun təmsilçilərindən biri Böyük Quruluş Partiyası (BQP) Ali Məclisin sədri Əjdər Əliyev deyib. Qalan dairələr üzrə də namizədlərin müəyyənləşməsi işinin davam etdirildiyini deyən Ali Məclis sədri ən geci gələn həftənin əvvəlində blokun vahid namizədlər siyahısının konkretlik qazanacağını bildirib. Ə.Əliyev 125 seçki dairəsinin hamısında iştirak etməyə çalışdıqlarını söyləyib.

 

Seçki Blokuna qoşulmaqla bağlı yalnız Təkamül Partiyasının müraciətinin olduğunu qeyd edən BQP funksioneri bloka qoşulmaq arzusunda olan digər partiyalarının da bu barədə fikirlərinin səsləndiyini dilə gətirib. Blokun müəyyənləşdiyi namizədlərin hansı prinsiplər əsasında partiyalar arasında bölündüyünə gəlincə Ali Məclisin sədri bloka daxil olan partiyalar arasında bərabərliyini olduğunu, bununla belə sözügedən məsələnin partiya liderləri tərəfindən həll ediləcəyini vurğulayıb: "Təbii ki, partiyalar arasında bərabərlik əsas götürülür. Bununla belə çalışacayıq ki, ümumilikdə hər bir dairı üzrə daha şanslı namizədlərin qeydə alınsın. Hər bir şəxsin həmin dairədəki nüfuzu xüsusi önəm daşıyır. Bundan başqa partiyanın rayon təşkilatlarının həmin rayonda mövqeyinə, nüfuzuna da diqqət yetiriləcək".

 

Təkamül Partiyasının müraciətinin müsbət cavablandırılacağı halda bu partiyaya ayrılacaq yerlərin sayına gəlincə Ə.Əliyev bunları deyib: "Böyük Quruluş Partiyası ən çox güzəştə gedən partiyadır. Belə demək olar ki, bundan artıq geriyə çəkilmək mümkün deyil. Amma ümumi maraqlar naminə nələrsə etmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə