“Diplomatik xidmət haqqında” qanuna əlavə və dəyişiklik edilib

“Diplomatik xidmət haqqında” qanuna əlavə və dəyişiklik edilib

Prezidentinin təqdimatı ilə Milli Məclisdə "Diplomatik xidmət haqqında" qanuna əlavə və dəyişiklik təklifləri müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, qanunun 14-cü (Xidməti attestasiya və fəaliyyətin qiymətləndirilməsi) maddəsinə əlavə edilən yeni bəndə əsasən "müvafiq vəzifələrdə azı 1 il çalışan diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin attestasiyası keçirilə bilər. Hər bir diplomatik xidmət əməkdaşının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxsin attestasiyası beş ildə bir dəfədən çox olmayaraq keçirilir".

Maddənin 3-cü bəndi isə dəyişdirilərək belə verilir: "Xidməti attestasiya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir". Bəndin hazırda qüvvədə olan variantı belədir: "Xidməti attestasiyanın keçirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir".


Layihə səsə qoyularaq qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə