"Səs" qəzeti mənzil alacaq namizədlərini müəyyənləşdirdi FOTOLAR

"Səs" qəzeti mənzil alacaq namizədlərini müəyyənləşdirdi FOTOLAR

Bu gün "Səs" qəzetinin redaksiyasında Azərbaycan Prezidentinin sərəncamı ilə inşa edilən binadan mənzil almaq üçün qəzetin əməkdaşları arasından namizədlərinin seçilməsi ilə bağlı iclas keçirilib. İclasda Azərbaycan Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru, jurnalistlərin mənzillərlə bağlı müraciətlərini qəbul edəcək Komissiyanın sədri Vüqar Səfərli, Komissiya üzvləri - Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev və "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev və redaksiya heyəti iştirak edib.

İclasda çıxış edən Bəhruz Quliyev Komissiya sədri və üzvlərinin ilk olaraq "Səs" qəzetinin redaksiyasına gəldiklərinə və ilk iclasın məhz bu redaksiyada keçirilməsinə görə təşəkkürünü bildirib.

Qaydalara uyğun olaraq iclasın sədri və katibinin seçilməsi təklifi edilib. 34 əməkdaşdan 26-nın iştirak etdiyi və bununla da yetərsayın olduğu iclasın sədrliyinə Bəhruz Quliyevin, katibliyinə isə Qismət İsmayılovun namizədliyi irəli sürülüb və qəbul edilib.

İclasın sədri, "Səs" qəzetinin Baş redaktoru B.Quliyev xatırladıb ki, iclas jurnalistlər üçün tikilən ikinci binada mənzillərin verilməsi ilə bağlı keçirilir və redaksiya heyəti tərəfindən namizədlikləri irəli sürülən jurnalistlər barədə fikir mübadiləsi aparılacaq.

"Səs" qəzetinin baş redaktorunun müavini Valeh Məhərrəmli, şöbə müdiri Rəfiqə Hüseynova, Rövşən Rəsulov və digərləri çıxış edərək bildiriblər ki, qəzetin əməkdaşları dövlətçiliyimizin, milli mətbuatımızın inkişafının keşiyində ayıq-sayıq dayanıblar. Çıxış edənlər verəcəkləri namizədlərin ən layiqlilər sırasında olacaqlarını qəti şəkildə qeyd ediblər. Bildirilib ki, aparılan müzakirələr tam şəffaf, verilən qərarlar isə ədalətli olacaq.

Bundan sonra "Səs" qəzetinin 6 əməkdaşının adı namizədlər siyahısına salınıb və səsə qoyulub. Tədbir iştirakçıları namizədlərə yekdilliklə səs veriblər.

Qərar protokollaşdırılıb və sənədlərin hazırlanması prosesinə start verilib.

Komissiya sədri, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli çıxış edərək bildirib ki, "Səs" qəzeti adını tarixə yazdırmış bir qəzet olaraq, Ulu Öndər Heydər Əliyevin ideologiyasını təbliğ edir və öz mübarizliyi ilə ictimai rəydə böyük nüfuza malikdir. "Səs" qəzeti keçdiyi tarixi yolları ilə bu gün bir çox media qurumlarına örnək olar bilər. İclas tam şəffa və verilən qərarlar tam ədalətli oldu", - deyə vurğulayan Vüqar Səfərli namizədlikləri irəli sürülən jurnalistlərə uğurlar arzulayıb.

Çıxış edən MŞ-nın sədri, millət vəkli Əflatun Amaşov "Səs" qəzetinin inqilabçı qəzet olduğunu deyərək, onu tarixi "İskra" qəzeti ilə müqasiyə edib. O da öz növbəsində mənzil almağa haqqı olan qəzetin jurnalistlərinə ölkənin apardığı uğurlu siyasətin təbliğatına və media fəaliyyətlərinə nailiyyətlər arzulayıb.

"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev mənzil alacaq jurnalistlər siyahısında adları olan namizədləri təbrik edib.

İclasda çıxış edən jurnalistlər də öz növbələrində ölkə Prezidenti İlham Əliyevin media işçilərinə göstərdiyi diqqət və qayğısına görə minnətdarlıqlarını bildirərək, öz peşələrinə hər zaman sadiq qalacaqlarını vurğulayıblar.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə