Azərbaycan - böyük dəyişikliklərə və islahatlara doğru SİYASİ TƏHLİL

Bu məsələdə hər hansı bir qüvvə maneələr yaratmağa çalışarsa, həmin qüvvələrin əlahəzrət qanun qarşısında cavab verəcəyi kimsədə şübhə doğurmamalıdır!
Azərbaycan - böyük dəyişikliklərə və islahatlara doğru SİYASİ TƏHLİL

Son illər dünyada gedən iqtisadi proseslər və bu proseslərdən doğan böhranlı vəziyyətlər baş verənlərdən münbit çıxış yolu tapmaq istiqamətində yeni siyasi-iqtisadi tandemlərin yaranmasına səbəb olmaqdadır. Xüsusilə, neft istehsalı və ixracatı ilə iqtisadiyyatının əsaslarını formalaşdırmış dövlətlər iqtisadiyyatın qeyri-neft sektorları üzrə potensiallarını kəşf etmək əzmini nümayiş etdirirlər. Ümumiyyətlə, neftdən asılılığın aradan qaldırılması üçün yeni ideyalar, layihələr təqdim olunmağa başlayıb. Bu baxımdan, Azərbaycan hakimiyyəti də bu yöndə daha müasir və daha güclü iqtisadi potensiala malik olmaq üçün mühüm addımlar atmaq ərəfəsindədir.

Lakin bütün bunlarla yanaşı, dövlət strukturları sahələrində də yeniliyin və modernləşdirilmənin start götürməsi ətrafında nəzərəçarpacaq sistemləşdirilmələrin olacağı gözlənilir. Belə ki, Prezident İlham Əliyev də çıxışlarının birində vurğulamışdı ki, idarəetmə sahəsində islahatların "yeni formatda" davam etdirilməsi prioritet kimi götürülüb.

Prezident İlham Əliyev: "Bəziləri nəticə çıxarmır, nəticədə cəzalandırılırlar... Bu, həm bizim iradəmizi göstərir, həm də bunu etməyin mümkünlüyünü göstərir"

Elə də uzağa getməyərək, bütün sahələrdə, eləcə də kadr islahatları fonunda Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransındakı çıxışını da xatırlamalıyıq.

Dövlət başçısı konfrans zamanı vurğulamışdı ki, məmurlar, dövlət strukturlarında çalışan vəzifəli şəxslər rüşvətxorluqla, korrupsiya ilə məşğul olmamalıdır: "Mən hər bir məmuru təyin edəndə deyirəm ki, get düzgün işlə, xalqa xidmət et. Təəssüf ki, bəziləri nəticə çıxarmır, nəticədə cəzalandırılırlar. Biz "Asan Xidmət"i yaratdıq, hələ bir şikayət eşitməmişəm. Bu, ictimai xidmətlər sahəsində yenilikdir. Bu, həm bizim iradəmizi göstərir, həm də bunu etməyin mümkünlüyünü göstərir. Hər şey məmurlardan asılıdır. Məmurlar işlərində nöqsana yol verərlərsə, cəzalandırılacaqlar".

Azərbaycan Prezidenti idarəetmənin və dövlət maşınının daha bu cür getməyəcəyini, ciddi dəyişiklik ediləcəyini vurğulayıb və ölkədə liberal iqtisadiyyata keçidi əngəlləyən monopolistlərin də cəzalandırılacağına işarə edib.

Prezident İlham Əliyevin bilavasitə şəxsi nəzarəti altında yürüdülən geniş sosial-iqtisadi və siyasi islahatlar proqramı işlək vəziyyətə gətirilib

Buradan isə ilk olaraq belə bir nəticəyə gəlmək mümkündür ki, korrupsiya və inhisarçılıqla mübarizədə ölkə rəhbəri qətiyyətli mövqe nümayiş etdirərək, dövlət sturkturlarındakı idarəetmə sistemində şəffaflığın təminatını tələb kimi ortaya qoyub. Məhz bu faktorun nəticəsidir ki, Prezident İlham Əliyevin bilavasitə şəxsi nəzarəti altında yürüdülən geniş sosial-iqtisadi və siyasi islahatlar proqramı, işlək vəziyyətə gətirilib, əvvəlcədən hazırlanmış layihələr reallaşdırılıb və bu da müsbət nəticələrini verib.

1. Dünya bazarında neftin qiymətinin sabitləşməsi manatın kursunda da stabillik yaranıb

2. Yeni iş yerlərinin açılması nəticəsində sosial problemlərin qarşısı müəyyən dərəcədə alınıb, bu isə əhalinin məşğulluq səviyyəsində yeni artımın baş verməsinə kifayət qədər zəmin yaradır

3. Dövlət yeni sosial mənzillərin tikintisinə start verilib və yaxın gələcəkdə onun verilməsi şərtlərinin daha da yüngülləşdirilməsi gözlənilir

4. Bütün bunların və digər mühüm amillərin həyata keçirilməsi dünyada iqtisadi böhranın baş verdiyi bir zamanda reallaşdırılması Azərbaycan dövlətinin xalqın maraqlarından çıxış etməsi faktını sübuta yetirir

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini, İcra katibi Əli Əhmədov: "Ciddi bürokratik əngəllərin mövcudluğu sonradan daha böyük problemlərin yaranmasına səbəb ola bilər. Bu, idarəetmə fəaliyyətinin faydalılıq əmsalını ciddi şəkildə aşağı salır"

Yeri gəlmişkən, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini, İcra katibi Əli Əhmədov "Azərbaycan" qəzetində verdiyi məqaləsində yuxarıda qeyd edilən bir sıra məqamlara toxunaraq diqqət cəlb edən tezislərlə çıxış edib. Belə ki, Əli Əhmədov sözügedən məqaləsində bürokratik aparatın əsassız olaraq şişdiyini, bunun isə büdcə xərclərinin artması ilə yanaşı, idarəçiliyin keyfiyyətə mənfi təsir etdiyini vurğulayıb. O, ölkədə bu sahədə ciddi tədbirlərin görülməsinə ehtiyacın olduğunu qeyd edərək, artıq bu istiqamətdə hərəkətə keçildiyini deyib. Baş nazirin müavini Dövlət Statistika Komitəsinin məlumatına istinad edərək qeyd edib ki, 2015-ci ildə dövlət idarəetməsi, müdafiə və sosial təminat sahəsində 287,3 min nəfər çalışıb: "Eyni zamanda bu sahədə çalışanların sayında artım hiss olunmaqdadır. 2010-cu ildə dövlət idarəçiliyində çalışanların sayı 279 min nəfər olub".

Əli Əhmədov Dövlət Statistika Komitəsinin məlumatına istinadən bildirib ki, Azərbaycanda əhalinin hər 10 min nəfərinə 287 nəfər dövlət idarəçiliyi sahəsində çalışan işçi düşür ki, həmin göstərici ABŞ, Almaniya və Yaponiya kimi ölkələrdə 100-110 nəfər arasındadır. Azərbaycanda "büdcəni yeyən" aparatın inkişaf etmiş ölkələrlə müqayisədə təxminən 2,5 dəfə olduğu məlum olur.

Məhz bu rəqəmlərdən edilmiş çıxarışlardan sonra Baş nazirin müavini belə nəticəyə gəlib ki, xüsusilə, dövlət aparatında əhəmiyyətli dəyişikliklərin vacibliyi reallaşdırılmalıdır. SİTAT: "Zəruri, optimal həddə ixtisarların aparılması ilə yanaşı yeni idarəetmə, o cümlədən inzibati-ərazi idarəetmə formalarının tətbiq edilməsi günün aktual probleminə çevrilib. Dövlət idarəçiliyi aparatı nəinki sayca optimal olmalı, habelə çevikliyi, qərarların qəbulu müddətinin minimuma endirilməsi kimi keyfiyyətləri ilə seçilməlidir".

Əli Əhmədovun sözlərinə görə, idarəetmə sistemindəki ciddi bürokratik əngəllərin mövcudluğu sonradan daha böyük problemlərin yaranmasına səbəb ola bilər: "Bu, idarəetmə fəaliyyətinin faydalılıq əmsalını ciddi şəkildə aşağı salır".

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov: "Ziyalı ailəsində dünyaya gəlsələr də, nə peşəkar kadra çevrilə bildilər, nə də milli ziyalıların sırasına qoşula bildilər"

Bu arada, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun da irəlin sürdüyü fikirlər öz əhəmiyyəti ilə seçilməkdədir. Belə ki, ölkədə yeni və daha güclü islahatların aparılacağı, o cümlədən, korrupsiya hallarının aradan qaldırılması üçün sərt addımların atılması barədə mayın 3-də dövlət təhlükəsizlik orqanlarının tarixi ilə bağlı keçirilən tədbirdə çıxış edən dövlət rəsmisi fəaliyyətinə xitam verilmiş MTN və onun sabiq rəhbərliyi barədə xatırlatmalar edib. "Bir neçə il bundan qabaq, dövlət təhlükəsizlik orqanlarının sıralarında olan bəzi "generallar" Ümummilli Liderin gözəl ənənəsini və məfkurəsini yaşatmaq, davam etdirmək yerinə, öz naqis əməlləri ilə Azərbaycan milli təhlükəsizlik orqanlarının imicinə xüsusi hazırlanmış anti-Azərbaycan qüvvələrin vura bilməyəcəyi ağır zərbə vurdu"-deyə qeyd edən Əli Həsənov vurğulayıb ki, onlarda "nə əsl peşəkarlıq, nə əsl ziyalılıq var idi, nə də ki, onların intellekti və mənəvi aləmi belə bir orqanın generalı olmağa yaramırdı: "Azərbaycan təhlükəsizlik sistemini gözdən salan bəzi təhlükəsizlik orqanlarının keçmiş əməkdaşları ziyalı ailəsində dünyaya gəlsələr də, nə peşəkar kadra çevrilə bildilər, nə də milli ziyalıların sırasına qoşula bildilər".

Rövşən RƏSULOV

P.S. Əlbəttə ki, dövlətin ən ali strukturunun rəsmisi tərəfindən edilən bu çıxış da belə qənaətə gəlməyə imkan yaradır ki, Azərbaycan hakimiyyəti çox qısa dövr ərzində yaranmış bəzi problemlərin köklü şəkildə qaradan qaldırılması üçün çox qətiyyətli addımlara gedəcək. Çünki hakimiyyətin mənbəyinin xalq olması amili bir daha özünü büruzə verir. Hakimiyyət isə məhz xalqa xidmət etməlidir və edir. Əlbəttə ki, bu məsələdə hər hansı bir qüvvə maneələr yaratmağa çalışarsa, həmin qüvvələrin əlahəzrət qanun qarşısında cavab verəcəyi kimsədə şübhə doğurmamalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə